Ümummilli lider Heydər
Əliyevin “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin,
müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə
də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin,
qiymətləndirsin” fikri bayrağımıza olan ehtiramın təcəssümüdür.
Özündə “Türkçülük, müasirlik
və islamçılıq” ideyalarını birləşdirən Azərbaycan bayrağı ilk dəfə 1918-ci il
noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Bayrağımızı qürur mənbəyimiz adlandıraraq
deyib: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız
qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən
sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin
bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq
məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi
nümayiş etdirir”.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər
il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş
günü olan bayramların siyahısına daxil edilib.
Azərbaycan Respublikasının
Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin,
vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən
biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun
sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının ən əsas göstəricilərindəndir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı
sayəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində
erməni separatçılarının qalıqları tamamilə məğlub edilərək ölkəmizin
suverenliyi tam təmin olundu. Bununla da üçrəngli şanlı bayrağımızın
Xocalıda, Əsgəranda, Ağdərədə, Xankəndində və digər torpaqlarımızda
qürurla dalğalanır. 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
tarixi torpaqlarımızda böyük qürur və fərəh hissi ilə qeyd olunur.
Mətanət Səfərli
YAP Nəsimi Rayon
Təşkilatının əməkdaşı