Azərbaycan poeziyası Finlandiyada

Helsinkidə incəsənət həftəsi və ənənəvi "RUNOKUU” ("Poetik ay”) Beynəlxalq poeziya festivalı keçirilib. Sabahinfo.az AYB.az-a istinadən xəbər verir ki, bu barədə "Dostluq” Azərbaycan-Finlandiya Cəmiyyətinin sədri Təranə Nəzərova məlumat verib.

Festivalın builki təşkilatçısı "Nuorivoyma” ("Gənclərin gücü”) jurnalıdır. Avqust səmasında ay doğanda (saat 19-dan 23-dək) fin və əcnəbi şairlər mikrofona yaxınlaşaraq şeirlərini oxuyur, oxucuları ilə söhbət ediblər.

Avqustun 27-də Finlandiya Milli Teatrının ötən əsrin əvvəllərində romantik "yugendstil” üslubunda inşa edilən, bütün görünüşü ilə poetik təəssürat yaradan məşhur binasında keçirilən gecə "Bütün dünyanın şeirləri” adlanırdı. "Azərbaycan poeziyası antologiyası”nın təqdimatı gecənin əsas hadisəsi oldu. Antologiya Azərbaycan poeziyasının müxtəlif əsrlərdə yaranan yüksək nümunələrini, onun rəngarəngliyini fin dilində geniş təqdim edən ilk belə nəşrdir. Bu yaxınlarda işıq üzü görən kitab yaddaqalan mədəni hadisəyə çevrilib. Antologiyanı tərtib edən və onun redaktoru həmvətənimiz, tanınmış tərcüməçi, fin dilindən tərcümə etdiyi bir çox kitabların müəllifi Tahirə Cəfərovadır.

Təqdimatda antologiyanın müəllifi Tahirə Cəfərova, antologiyanın naşiri, Eyno Leyno adına mükafatın sahibi şair Leyevi Lehto, antologiyanın tərcüməsinə kömək edən şairlər Timo Malmi (Tampere) və Yukka Mallinen, "Dostluq” Azərbaycan-Finlandiya cəmiyyətinin sədri Təranə Nəzərova iştirak ediblər.

Gecədə Fikrət Qoca, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Kamal Abdulla, Vaqif Səmədoğlu və başqa müasir şairlərdən şeirlər oxunub.

Antologiya ideyasının necə yaranmasından, təkcə antologiyada yer alacaq şeirlərin müəyyən edilməsində deyil, həm də tərcüməyə hazırlıq prosesində üzləşdiyi çətinliklərdən söz açan Tahirə Cəfərova bildirdi ki, bunun üçün şeirlərin rus və ingilis dillərində tərcümələrinə müraciət etmək, şeiriyyətin, poetikanın incəliklərindən baş çıxarmaq lazım idi.

Qarabağdan söz açan Tahirə xanım qeyd etdi ki, bu gözəl diyar Azərbaycanın incisi, saysız-hesabsız istedadlı şair və müğənninin, o cümlədən milli klassiklərimiz Natəvan və Vaqifin vətənidir.