Goranboy rayon fəallarının yığıncağı

Respublikamızın hər yerində olduğu kimi Goranboy rayonu üçün də ötən il uğurlu olmuşdur. Rayonun makroiqtisadi göstəricilərində müsbət dinamika müşahidə olunmuşdur. Ümumdaxili məhsulun həcmi 163,8 milyon manat, sənaye məhsulunun həcmi 10 milyon 199 min manat, kənd təsərrüfatı məhsullarının həcmi 75 milyon manat təşkil etmişdir. Əhaliyə 55,8 milyon manatlıq ticarət, 3,36 milyon manatlıq nəqliyyat xidməti göstərilmişdir. Əsas kapitala yönəldilən investisiyaların həcmi 19 milyon 157,8 min manat olmuşdur.
Pərakəndə əmtəə dövriyyəsi 5 faiz artmış, orta aylıq əmək haqqı 268 manata çatmışdır ki, bu da əvvəlki ilə nisbətən 7 faiz çoxdur.
Əhalinin pul gəlirləri 257 milyon manat (əvvəlki illə müqayisədə 1,1 faiz çox) təşkil etmişdir.
Ötən il 93 biznes layihəsinin icrası üçün Sahibkarlığa Kömək Milli Fondu və kredit təşkilatları tərəfindən sahibkarlara 6,9 milyon manat kredit verilmiş, bu hesaba 375, digər sahələrdə isə 102 daimi, ümumilikdə isə 3914 yeni iş yeri yaradılmışdır. Bütün bu tədbirlərin nəticəsidir ki, ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi ilbə-il artır. 2016-cı ildə bu rəqəm 84,4 faiz təşkil etmişdir.
Rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilmişdir.
Rayon Kənd Təsərrüfatı idarəsinin inzibati-laboratoriya binasının tikintisi, şəhər 3 saylı uşaq bağçasında bərpa-gücləndirmə və əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binasının tikintisi davam etdirilir.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün beş ədəd fərdi evin tikintisi aparılır.
Goranboy-Goran avtomobil yolunda 4 km ikitərəfli yolun tikintisi başa çatmış, yola asfalt örtük salınmış, 2 min 200 metr kabel çəkilmiş, işıqlandırma sistemi istismara verilmişdir.
Şəhərin S.Civəzadə küçəsində, Şəhidlər Abidə Kompleksindən N.Nərimanov küçəsinədək uzunluğu 150 metr hasarın 298 kv.m hissəsi aqlay daşı ilə üzlənmişdir. 7 küçəyə, 2 yaşayış binasının həyətinə, xəstəxanadan Qarasüleymanlı kəndinə gedən yola 11 min 892 kv.m asfalt örtük salınmışdır. Heydər Əliyev prospektində və V.Bayramov küçəsində yeni magistral qaz kəmərinin çəkilişi ilə bağlı dağıdılmış hissələr də bərpa edilərək asfalt örtük salınmışdır.
Şəhərin S.Civəzadə, Vidadi küçələrində, H.Əliyev prospektində 11 yaşayış binasının fasad hissələri və blokları təmir edilərək müasir görkəmə salınmış, binalarda 15 min 400 kv.m sahədə rəngləmə işləri aparılmışdır.
Yaxın günlərdə şəhərin M.Məhərrəmov küçəsində yerləşən 31 saylı yaşayış binasının dam örtüyü dəyişdiriləcək, fasad hissələri təmir olunacaqdır.
31 Mart – Azərbaycanlıların soyqırımı abidəsində 70 kv.m hasar yenidən tikilərək mərmərlə üzlənmişdir. Nizami Gəncəvi adına parkda və V.Bayramov küçəsində 120 metr hasar bərpa olunmuşdur.
Heydər Əliyev prospektində yaşıllıq zolağının səki tərəfdən olan hissəsinin 1450 metri mişar daşı ilə hörülmüş və sement məhlulu ilə suvanmış, əraziyə qazon əkilmişdir.
Şəhərin R.Mustafayev küçəsində piyadaların gediş-gəlişi üçün 540 kv.m səki tikilmiş, V.Bayramov küçəsində yenidənqurma işləri aparılır.
Goranboy şəhəri ilə Rəhimli və Balakürd kəndləri arasında avtomobil yolunun kənarında 96 ədəd işıqlandırma dirəkləri quraşdırılaraq istismara verilmişdir.
H.Əliyev prospektində «Bahar» Şadlıq evinin qarşısında 75 metr hasarın tikintisi aparılmış, onun 128 kv.metri aqlay daşı ilə üzlənmişdir.
2016-cı il aprelin 2-dən 5-dək erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu və Zeyvə kəndlərində fərdi evlərə, sosial-infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Ötən müddətdə işıq, qaz və içməli su xətlərinə dəymiş ziyan aradan qaldırılmış, Tap kənd tam orta məktəbində əsaslı təmir, bərpa işləri aparılmış, ancaq Naftalan-Tap Qaraqoyunlu yolunun bərpası qalır ki, bu da yaxın günlərdə həll ediləcəkdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Tap Qaraqoyunlu kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə İncəçay üzərində nasos stansiyası inşa edilmiş, 460 metr müxtəlif diametrli boru xətti çəkilmişdir. Elektrik xətti çəkildikdən sonra əkin sahələrinə suvarma suyunun verilməsi təmin ediləcəkdir. Ziyan dəymiş fərdi evlərin bərpası ilə bağlı Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən Tap Qaraqoyunlu kəndində tamamilə dağıdılmış 4 ev, Zeyvə kəndində isə 1 ev yenidən tikilmiş, Tap Qaraqoyunlu kəndində ziyan dəymiş 14 ev əsaslı təmir edilmişdir. Tap Qaraqoyunlu kəndində qismən ziyan dəymiş 219, Zeyvə kəndində isə 5 evin təmiri üçün tələb olunan tikinti materialları ev sahiblərinə verilmiş, evlər təmir edilmişdir.
Son illərdə rayonda yol tikintisi ilə bağlı xeyli iş görülmüşdür. Möhtərəm Prezidentimizin 27 iyul 2016-cı il tarixli sərəncamı ilə Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2,2 milyon manat vəsait ayrılmışdır. Artıq 37 min 75 km uzunluğunda yolun 34 km-nə asfalt-beton örtük salınmış, qalan hissəsində iş gedir, az bir vaxtda yolun tikintisi başa çatdırılacaqdır. Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi Dövlət Proqramına salınmış, yaxın günlərdə işə başlanacaqdır.
Rayon mərkəzi ilə yanaşı yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilmişdir. Xüsusilə yerli icmaların təşəbbüsü və qeyri-hökumət təşkilatlarının maliyyə dəstəyi ilə əhalini narahat edən yerli əhəmiyyətli problemlərin həlli ilə bağlı çoxsaylı layihələr həyata keçirilmişdir.
2013-2016-cı illərdə ümumilikdə Azərbaycan ikinci Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə rayonda 44 layihə həyata keçirilmiş, 5 layihə icra, 4 layihə sənədləşdirmə mərhələsindədir, 2 layihənin icrası ilə bağlı əməkdaşlıq planlaşdırılır. İcra olunan bu layihələrdən 26-sı yol təmiri, 13-ü icmanın abadlaşdırılması, 4-ü içməli su xəttinin çəkilməsi, 1-i isə uşaq bağçasının təmiri ilə bağlı olmuşdur.
Təkcə 2016-cı ildə bu təşkilat tərəfindən Yeniyol kəndində 11 km, Qaramusalı kəndində 15 km, Goranlı və Xəsədərli kəndlərində ümumilikdə 14 km, Nadirkənd kəndində 13 km, Kələk kəndində 17 km kənddaxili, Boluslu-Məşədiqaralar-Eyvazlılar kəndlərini birləşdirən 11 km kəndlərarası yollar yenidən qurulmuşdur.
Bundan başqa Hazırəhmədli kəndində 5,5 km yeni su xətti çəkilmiş, 9 ədəd bulaq tikilmiş, 3 ədəd 16 tonluq su çəni, 25 ədəd kran qoyulmuşdur. Yenikənd, Qarasuçu, Balakürd, Əlirzalı, Yolqullar və Rəhimli kəndlərində qəbristanlıqların ətrafına hasar çəkilmiş, abadlıq işləri aparılmışdır. Həmçinin Qarasuçu, Kələk, Rəhimli, Balakürd və Yolqullar kəndlərinin hər birində 2 ədəd avtobus dayanacağı quraşdırılmışdır.
Bütün bu layihələrin icrası nəticəsində 2013-2016-cı illərdə 407 km kəndarası yollar yenidən qurulmuş, 36,8 km içməli su xətti çəkilmişdir.
Şərq-Qərb İdarəetmə İnstitutu tərəfindən həyata keçirilən SEDA layihəsi çərçivəsində yerli icma ilə birlikdə ötən il Qaradağlı kənd tam orta məktəbində yeni istilik sistemi quraşdırılmışdır. Goranlı kəndində tibb məntəqəsi və Elektron Kitabxana, Əzizbəyov kəndində həkim məntəqəsi tikilmişdir. Bu təşkilatın maliyyə dəstəyi ilə Fəxralı kəndində 12 km içməli su xəttinin və 80 bulağın tikintisi layihəsinin icrasına başlanılmış, artıq 10 km su xətti çəkilmiş, 40 bulaq tikilmişdir. İş davam edir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı ailələrin mənzil probleminin həlli üçün sosial mənzillərin tikintisi layihəsinin icrasına hazırlıq işləri görülür. Artıq rayonda da 108 ailəni mənzillə təmin etmək üçün 2 ədəd yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Əlbəttə bu layihənin icrası çoxlu sayda yeni iş yerlərinin açılması və aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması deməkdir.
Eyni zamanda ötən il cənab Prezidentin tapşırığına əsasən açılmış ictimai iş yerlərində 509 nəfər aztəminatlı vətəndaş işlə təmin edilmişdir. O cümlədən 70 nəfər rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində 11 ay işləməklə hər ay 116 manat, çoxmənzilli binaların təmirində isə 139 nəfər 5 ay işləməklə hər ay 200 manat əmək haqqı almışdır. Cənab Prezidentin tapşırığı ilə bu il də 524 yeni iş yeri açılmışdır ki, onlardan 76-sı Goranboy Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində, 150-si isə çoxmənzilli binaların təmirində çalışır. Bunlar onu göstərir ki, ölkə Prezidentinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması dayanır.
Son 6 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası xeyli dərəcədə möhkəmləndirilmiş, 24 məktəb, 2 əlavə tədris korpusu inşa edilmiş, 10 məktəb isə əsaslı təmir edilmişdir. Hazırda rayonun ümumtəhsil məktəblərinin 85 faizinin maddi-texniki bazası müasir tələblərə cavab verir. Cəmi 16 məktəbin tikintisinə, 7 məktəbin isə əsaslı təmirinə ehtiyac vardır. Sərhəd bölgəsində yerləşən Aşağı Ağcakənd qəsəbə, Zeyvə, Todan, Buzluq, Gürzallar kənd və Goranboy şəhər 1 saylı tam orta məktəblərin tikintisi ilə bağlı Milli Məclisin deputatı Ağalar Vəliyevlə birgə Nazirlər Kabinetinə müraciət etmişik. Ümid edirik ki, məsələ müsbət həll olunacaqdır.
Eyni zamanda Təhsil Nazirliyinin Regional idarəsi tərəfindən ehtiyac olan məktəblərə baxış keçirilmiş, Yolpaq kənd tam və Qurbanzadə kənd ümumi orta məktəblərinin tikintisi, Sarov, Ağamalıoğlu Muzdurlar, Səfikürd kənd, Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəblərin əsaslı təmiri üçün sənədlər hazırlanaraq Təhsil Nazirliyinə təqdim edilmişdir. Artıq Qurbanzadə kənd ümumi orta məktəbində bərpa gücləndirmə işləri başa çatmış, Qızılhacılı qəsəbə 1 saylı, Səfikürd və Ağamalıoğlu kənd tam orta, Abbasqulular kənd ümumi orta məktəblərində əsaslı təmir işləri aparılmışdır.
Mərkəzi xəstəxananın Poliklinika şöbəsində və Nizami kənd həkim məntəqəsində əsaslı təmir işləri aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2016-cı il tarixli sərəncamı ilə rayon Mərkəzi xəstəxanasının tikintisinə başlamaq üçün 1 milyon manat vəsait ayrılmışdır. Yaxın vaxtlarda tikintiyə başlanacaqdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2016-cı ilin fevral ayının 15-dən may ayının 2-dək əhalinin tibbi müayinəsi keçirilmişdir. 65 min 428 nəfər tibbi müayinədən keçirilmiş, 157 xəstə müayinə və müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Hesabat dövründə rayonda aqrar sahədə müsbət nəticələr əldə edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən regionlarda iri aqroparklar yaradılır ki, bu da öz bəhrəsini verməkdədir.
Artıq rayonumuzda da belə bir Aqropark yaradılmışdır. Bu məqsədlə Goranboy və Samux rayonlarının inzibati ərazisində yerləşən «Boz dağ» massivindən 4,7 min hektar torpaq sahəsi ayrılmış və torpaq sahəsi 8 min hektara çatdırılacaqdır. Burada taxıl, pambıq və digər texniki bitkilərin əkilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Şəmkir maşın kanalından suvarma kanalının, yolun, elektrik və qaz xəttinin çəkilməsi, müasir suvarma qurğularının quraşdırılması təmin ediləcək, eyni zamanda emal müəssisələri və soyuducu anbarlar inşa ediləcəkdir.
Aqropark istfiadəyə verildikdən sonra yüzlərlə yeni iş yeri açılacaq, məhsul istehsalının artmasına ciddi təkan verəcəkdir. Bu da xeyli sayda ailənin həyat şəraitinin yaxşılaşdırılması deməkdir.
Şəmkir kanalının rayon ərazisindən keçən ikinci hissəsinin tikintisi sürətlə davam edir. İşlər başa çatdıqdan sonra rayonda 17 min hektar əkinə yararlı torpaqların su təminatı yaxşılaşacaqdır.
Ötən il olduğu kimi bu il də rayonda 6 hektarda tütün əkiləcəkdir. Həmçinin barama istehsalı məqsədilə 5,5 hektar sahədə 27 min ədəd tut tingi əkilmiş, 1,5 hektar sahədə tut toxumu səpilmiş, mövcud tut ağacları budanmışdır. Barama istehsalı olduqca gəlirli sahədir və növbəti illərdə bu sahənin inkişafına diqqət daha da artırılacaqdır.
Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi tədbirləri davam etdirilmişdir. Ötən il əhalinin sosial müdafiə mərkəzləri Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə birləşdirilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Goranboy və Dəliməmmədli şəhərlərində, Fəxralı, Alpoud, Qurbanzadə və Muzdurlar kəndlərində elektrik təsərrüfatı SİB kabellə yenidən qurulur. Artıq 23 ədəd müasir tipli güc transformator məntəqəsi quraşdırılmış, 72,6 km SİB kabel çəkilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq ötən il də kəndlərin qazlaşdırılması işi davam etdirilmişdir. 7 yaşayış məntəqəsi qazlaşdırılmış, 1392 abonent təbii qazla təmin olunmuşdur. Ümumilikdə abonentlərin sayı 21333-ə çatmışdır.
Hazırda Yolpaq, Səmədabad, Yəhərçi Qazaxlar, Sarov, Goranlı kəndlərində son tamamlama işləri aparılır. Bu işlər başa çatdırıldıqdan sonra rayon üzrə qazlaşma 94 faizə çatacaqdır.
Əhalinin içməli su ilə təminatı son illər xeyli yaxşılaşdırılmışdır. Hazırda rayon mərkəzi və Murov-Goranboy su kəməri boyunca 18 yaşayış məntəqəsi ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunur. Ötən il Şahməmmədli kəndində 48 fərdi yaşayış evinə su çəkilmişdir. Qazanbulaq qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması üçün BP Təşkilatının dəstəyi ilə yeni nasosxana inşa edilmiş, sutəmizləyici qurğu və 1000 tonluq su anbarı yenidən bərpa edilmişdir.
Əhaliyə göstərilən rabitə xidmətinin həcmi getdikcə artır, müasir informasiya texnologiyalarının tətbiqi genişlənir. Ötən il 301 abonentə telefon xətti çəkilmişdir. İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən «Ümumrespublika yaşıllaşdırma marafonu» çərçivəsində rayonda 105 min ədəd müxtəlif növ ağac əkilmişdir.
Rayon mərkəzi ilə yanaşı yaşayış məntəqələrinin və yol kənarlarının təmizliyi diqqət mərkəzində saxlanılmalıdır. Bununla bağlı vaxtaşırı iməciliklər keçirilir, işlər görülür.
Sabahinfo.az