Kitab Evi ilə yazar arasında mübahisə böyüyür

Əli və Nino” Kitab Evi ilə yazar Qan Tural arasındakı qalmaqal yaşanır. . Kitab evinin rəsmi Facebook səhifəsində adminin yazar haqqında yazdığı sözlər ikincini özündən çıxarıb. Sabahinfo.az xəbər verir ki,saytın səhifəsində "İyun ayında hansı kitabları oxumaq istəyirsiz?” sualına istifadəçilərdən bəziləri "Doqquz hekayə” kitabını oxumaq istədiklərini bildiriblər.Bunun qarşılığında isə "Əli və Nino”nun admini adından belə bir şərh yazılıb: "Əziz dostlar, ”9 hekayə" kitabını müəllif pulsuz paylayır. Müəllifə müraciət edin".

Qan Tural hesab edir ki, bu, ona qarşı ciddi təxribatdır. Bu arada kulis.az saytı "Əli və Nino” mağazalar şəbəkəsinin bəzi müəlliflərin kitablarının satışında yaratdığı süni əngəllərə münasibət bildirməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinə müraciət edib. Şöbənin məsələ ilə bağlı rəy verilib. Rəydə göstərilir ki, hazırda konkret olaraq Bakı şəhərində böyük ticarət mərkəzlərində, dəftərxana ləvazimatı satılan mağazalarda kitab satışı həyata keçirilir. Bakının mərkəzi küçələrində sərbəst fəaliyyət göstərən kitab mağazalarını necə danmaq olar?! Bu mağazaların böyük əksəriyyəti özəldir.
Bu o deməkdir ki, kitaba maraq əsaslı dərəcədə yüksəlib. Mağazaların artımı, kitab yayımı sahəsində təklif və tələb prinsipinin ildən-ilə məhz reallığı əks etdirdiyini kim inkar edə bilər? Ədəbiyyatımız da inkişaf edir. Son illər dərsliklərin yüksək məzmunu və ona uyğun poliqrafiya ilə nəşri sahəsində böyük intibah baş verib. Müəlliflərin adları, işıq üzü görən kitablar o qədər çoxdur ki, hamısını yadda saxlamaq olmur. İnternet, virtual məkan nə qədər hökmranlığa can atsa da, kitab nəşri yayımı ildən-ilə daha da genişlənir. Dövlət ümumi inkişaf prosesini dəstəkləyir, nəşriyyatların, kitab yayımçılarının təşəbbüslərini kulturoloji və maddi dəstəklə müdafiə edir. Amma hansısa icra orqanı deyə bilməz ki, kimsə kitab mağazası yaratsın, yaxud yaratmasın, deyə bilməz ki, hansı mağazada hansı kitab satılsın, yaxud oxucu bu kitabı alsın, o birini yox...
Hazırda Azərbaycanda kitab yayımı dünyanın bir çox inkişaf etmiş ölkələrinə mütənasib şəkildə inkişaf edir. Əlbəttə, kitab yayımı işi bütün hallarda müəlliflərin mənafeyi gözlənilməklə daha da genişlənməli, yeni, modern kitab mağazaları, mütaliə klubları, kitab evləri yaradılmalıdır. Çünki söhbət cəmiyyətin özünü idarəsində olduqca zəruri bir məsələdən - biliyin, intellektual sərvətlərin insanlara çatdırılmasından gedir".
Qan Tural isə "Yeni Müsavat”a açıqlamasında nazirliyə məsələ ilə bağlı ortaya qoyduğu qəti mövqeyə görə təşəkkür edib. Onun sözlərinə görə, dövlət, əlbəttə ki, birbaşa ədəbi prosesə müdaxilə etməməlidir, lakin yeri gəldikcə həqiqəti deməkdən də çəkinməməli, rəydə bildirildiyi kimi müəlliflərin mənafeyini qorumalıdır:"Biz barışıq istəyirik, barışıq üçün də şərtimiz bəllidir; Azərbaycan yazıçılarının kitabları bu mağazada satışa çıxarılmalı və onlara qarşı qoyulan qadağa qeydsiz-şərtsiz götürülməlidir. Lakin biz görürük ki, ”Əli və Nino" artıq təxribata əl atır. Belə ki, mənim kitablarımın guya pulsuz yayılması ilə bağlı öz səhifəsində qeydlər yazır və öz aləmində bizi ələ salır. Bu təxribat onların nə qədər qeyri-ciddi insan olduğunu, məncə, əyani şəkildə sübut edir. Mədəniyyət və Turizm Nazirliyinin məsələyə münasibəti də onları bu çirkin əməllərindən nəinki döndərir, hətta onlar öz səhvlərində səbat göstərməyə davam edirlər".