Konfransı açıq elan edən kollecin direktoru iqtisad elmləri doktoru,professor Əyyub Əyyubov erməni separatçıları tərəfindən Azərbaycan xalqının başına gətirilmiş deportasiya və soyqırım siyasəti barədə ətraflı söhbət açdı.
Xüsusilə də 1918-ci ilin mart qırğınları ilə bağlı əhatəli məlumat verən dəyərli elm adamı erməni vəhşiliklərini tarixin ifşaedici dili ilə iştirakçıların diqqətinə çatdırdı. Minlərlə Azərbaycanlının ölkənin müxtəlif bölgələrində işgəncələrə məruz qoyularaq qətliam edildiyini təəssüf hissi ilə bəyan etdi.Bu mənada faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün ulu öndər Heydər Əliyev tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün təsis edilməsini əsl vətənpərvərlik nümunəsi adlandırdı. Çıxışının sonunda Əyyub Əyyubov faciə qurbanlarının və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.
Daha sonra pedaqoqlar Eldar Dərişov,Gülşən İsmayılova və Şəms Məmmədova müvafiq olaraq "31 mart soyqırımının dünyada tanıdılmasında ulu öndər Heydər Əliyevin rolu”,”1918-ci ildə Bakıda mart qırğınları " və "31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzularında məruzələrlə çıxış etdi.
Tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiyanın nümayişi ilə konfrans davam etdirildi.
Konfransa yekun vuran professor Əyyub Əyyubov xalqımızın başına gətirilmiş müsibətlərlə bağlı acı həqiqətlərin dünya ictimaiyyəti ilə paylaşılmasında tələbə və pedaqoqlardan yüksək fəallıq umduğunu bildirdi. Onun fikrincə kollecin internet səhifəsi bu işdə hər kəsə yardımçı ola bilər. Buna müvafiq olaraq Əyyub Əyyubov internet saytında rus və ingilis dilli materialların yerləşdirilməsi barədə göstəriş verdi.