Qurban bayramı ərəfəsində son bazarlıq - BƏRDƏNİN MAL BAZARINDAN

Müqəddəs Qurban bayramı ərəfəsində hər kəsin diqqəti mal bazarına yönəlir. Hərə öz büdcəsinə uyqun qurbanlıq almağa çalışır. Bərdənin mal bazarı ölkənin ən böyük bazarlarından biridir. Burada bayramın sonuncu alış verişinə cümə günü gecəyarısı saat 4-də start verilir.
 
Hər kəs bazara öz təsərrüfatında olan erkək qoçları və buğaları satmağa çıxarır. Bazara çıxarılan heyvanlar Bərdə ilə yanaşı, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Yevlax və başqa rayonlardan gətirilir. Alıcılar isə respublikanın böyük şəhərlərindən və ən ucqar rayonlarından gəlir.
 
Aylıq əmək haqqı ilə dolanan sadə vətəndaşlar qiymətlərin baha olmasından gileylənir.
 
Alıcı Elnur Quliyev deyir ki, bolluq olsa da, bahalıqdır: "Bazar bolluqdur, sıxlıq çoxdur, amma yenə də bahaçılıqdır. Quzu ətini 9 manata, 10 manata satırlar. Bahadır".
 
Digər alıcı Zülfüqar İbrahimov da qurbanlıq heyvan almağa gəlib: "Kəsməyə almışam, qurbanlıq üçün. Hər şey bahalaşıb. Qoyun, heyvan bahadır".
 
Qurban bayramında bazarların ən çox özəlliyi ondadır ki, nə olursa-olsun hər kəs halallıq almaq istəyir. Alan da, satan da. Bəzi alıcılar qiymətin necəliyinin fərqinə belə varmırlar. Çünki aldığı qurbanlığı, illərlə gözlədiyi əziz gündə gəlininin evində kəsəcək.
 
Bərdə bazarına daxil olan 10 min başdan çox iribuynuzlu və xırda buynuzlu heyvan bir gecədə satılacaq....
 
Günün sonunda məyus olanlar gecə boyunca bazarın nəbzini tuta bilməyənlərdir. Alıcı ilə dil tapa bilməyənlərin heyvanları əllərində qalır. Bu bazar Qurbanlıq bayramının son bazarı oldu, alan aldı, satan satdı. Regionlarda fəaliyyət göstərən mal bazarlarında qiymət artımı göstərir ki, paytaxt Bakı və digər şəhərlərdə qurbanlıq heyvanlar daha da  baha qiymətə satılacaq. Kəsdiyiniz bütün qurbanlar qəbul olsun. Qurban bayramınız mübarək!