Nicat Həşimzadə - Şeir
Rədd ol qadın,
mənə məğlubiyyətimi xatırlatma,
ölümü yadıma salma
qapını üzümə bağlama
sadəcə sus və get.
Baxma mənə qadın,
səni tapmaq yenidən itirməkdi,
səni görmək yenidən sevməkdi.
Çıx get, qadın,
mənə ölümü xatırladırsan.
Bacarırsan unutdur özünü,
elə özünü sevdirdiyin kimi asanlıqla
Axı hardan biləsən ki, sevginin mənasız olduğunu
söyləyən filosof, elə sevgisizlikdən ölüb ,
axı hardan biləsən ki, sevməyin asan olduğu qədər
çətindir unutmaq,
Viski və siqar unudulmaq tablosudur .
Sənin şadlığın mənim xoşbəxtliyimi təxirə salırsa,
demək ki, bəşər övladları birlikdə xoşbəxt ola bilməzlər ,
çıx get qadın, sadəcə sus və get,
bağışla qadın, bağışla ki, sənə
rədd ol dedim . . . .