İyunun 5-də təkrarolunmaz şeir-sənət nümunələrinin müəllifi, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 107 yaşı tamam olur. Amma xalqımızın yaddaşında həmişəcavan qalmış Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, "Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməmiş və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1
Mikayıl Müşfiqin ilk mətbu əsəri olan "Bu gün” şeiri 1926-cı ildə "Gənc işçi” qəzetində, "Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə "Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun "Küləklər”, "Günün səsləri”, "Buruqlar arasında”, "Bir may”, "Pambıq”, "Vuruşmalar”, "Şeirlər”, "Şəngül, Şüngül, Məngül”, "Qaya”, "Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq "Seçilmiş əsərləri”, "Əsərləri”, "Duyğu yarpaqları”, "Əbədiyyət nəğməsi”, "Könlümün dedikləri”, "Həyat sevgisi” və digər adlar altında kitabları nəşr edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə "Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.S.Puşkinin "Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Y.Lermontovun "Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Y.Marşakın "Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ömər Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin "Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.
Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər ("Ölkəm”, "Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.
Mikayıl Müşfiqin "Sevgilər”, "Maralım”, "Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də böyük tərbiyəvi əhəmiyyətə malikdir.
Azərbaycan Prezidenti İlham Əliyevin "Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında” 2007-ci il 16 aprel tarixli Sərəncamına uyğun olaraq şairin yubileyi dövlət səviyyəsində qeyd edilib, ölkəmizin hər guşəsində silsilə tədbirlər reallaşdırılıb.