"Azərbaycan xalqı öz ordusuna güvənir, onun arxasındadır"-MÜSAHİBƏ

Milli Məclisin deputatı Əminə Ağazadənin SABAHİNFO.AZ saytına müsahibəsi.

- Əminə xanım  30 ildən artıq özlədiyimiz o an yetişib. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan toraqlarımızda tarix yazır. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu günü biz illərdir gözləyirdik. Bu gün Azərbaycan Ordusu ən müqəddəs vəzifəsini həyata keçirir, şanlı tarix yazır. Mən əminəm ki, ordumuz elə bir tarix yazacaq ki, millətimizin, Azərbaycan xalqının gələcək taleyini həll edəcək. Azərbaycan xalqı, onun şücaətli ordusu əzəli və əbədi torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaqdır. Bu gün Azərbaycan xalqı öz ordusuna güvənir, onun arxasındadır. Hamımız ordumuzla qürur duyuruq və inanırıq ki, ordumuz tezliklə bizə qəti qələbə xəbərini verəcək. Bu saat hamının gözü cəbhədədir. Hər bir azərbaycanlı bu gün Ali Baş Komandanın ətrafındadır, onun əmrinə  hazırdır.

-Çox təəssüf hissi ilə qeyd etməliyik ki, düşmən siliv vətəndaşlarımızı atəşə tutur və 19 nəfər sivil vətəndaşımız düşmən gülləsi nəticəsində həyatını itirib. Maraqlıdır beynəlxalq hüquq bu barədə ne deyir?

- Ermənistan tərəfinin mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açması, zərər verməsi beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaq deməkdir. Ermənistan bu dəfə də öz təcavüzkar və işğalçı siyasətini davam edərək Cenevrə konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozmuşdur. Konvensiyanın həmin maddəsində qeyd olunur ki, heç bir halda münaqişə tərəfləri mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır. Ermənistanın bölgədəki sabitliyi davamlı pozması bu ölkənin bölgədə sülh və sabitlik istəməməsinin ən vacib sübutudur. Bu, həm də erməni tərəfinin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin COVID-19 səbəbiylə qlobal atəşkəs çağırışına verdiyi dəstəyi tanımamasının sübutudur. Həmçinin qeyd etməliyəm ki, Ermənistanın rəhbərliyi tərəfindən bu yaxınlarda elan olunmuş "yeni ərazilər üçün yeni müharibə” hərbi doktrinasına uyğun təcavüzkar siyasətin həyata keçirilməsi məqsədilə bir sıra digər ölkələrdən etnik erməni muzdlularının köçürülməsi yolu ilə Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik dəyişikliklərə yönəlmiş hərəkətləri Cenevrə Konvensiyasının aşkar şəkildə pozulmasıdır və müharibə cinayətidir.

-Fransa Prezidenti Makron qərəzli mövqe sərgiləyir. Verdiyi bəyanatlarda qərəzdən başqa bir şey görünmür. Bununla bağlı nə deyə bilərsiniz?

- Fransa Prezidenti Emmanuel Makronun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son hadisələrə dair verdiyi bəyanat bir daha sübut etdi ki, Fransanın öz əzəli dostunun-Ermənistan tərəfinin mövqeyini bütün mümükün  imkanları ilə dəstəkləyəcəkdir. Bu, əslində Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini ciddi şəkildə şübhə altında qoyur və hesab edirəm ki, vasitəçi ölkə kimi Fransanın bu formatda hansı mövqedən fəaliyyətini davam etdirəcəyi məsələsinə aydınlıq gətirilməlidir. Emmanuel Makron beynəlxalq siyasətdə bir o qədər də təcrübəsi olmayan, ölkəsinin geosiyasi maraqlarını günün reallıqları fonunda düzgün hesablaya bilməyən bir siyasətçidir və buna görə ölkəsində siyasi opponentlərinin  tənqidləri ilə tez-tez üzləşir. Fransa kimi bir ölkənin prezidenti ölkəsinin geosiyasi maraqlarını düzgün hesablaya bilsəydi heç vaxt belə yanaşma ortaya qoymamalı idi. Görünür ki, yaxın vaxtlarda keçiriləcək prezident seçkilərində Fransadakı erməni diasporunun rəğbətini qazanmaq indiki Fransa rəhbəri üçün ölkəsinin dünya siyasətindəki yerini və imicini qoruyub saxlamaq vacibliyindən daha üstündür.

 -Cəbhədə baş verən hadisələrlə bağlı cinayət işi də açılıb. Cəmiyyətimizə bununla bağlı məlumat verməyinizi xahiş edərdik. Biz bununla hansı uğurlar əldə edə bilərik?

- Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan sənədləşdirilmə aparılır və sübutların toplanılması həyata keçirilir. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, müvafiq ekspertizalar təyin edilir. Məndə olan məlumata görə, bu gün Baş prokuror Kamran Əliyev MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasına, Beynəlxalq Prokurorlar Assosiyasiyasının prezidentinə, BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığına, Avropa Şurası İnsan Hüquqları üzrə Ali Komissarlığına rəsmi müraciət edib. Müraciətlərdə bildirilib ki, otuz ildən artıq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonunun Ermənistan tərəfindən işğalı və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarını tərk edib, BMT–nin Təhlükəsizlik Şurasının işğal altında olan ərazilərimizdən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz və dərhal çıxarılmasına dair dörd qətnaməsi bu günə qədər icra edilməyib. Baş Prokurorluq tərəfindən atılan bu addımlar beynəlxalq hüquq müstəvisində Azərbaycanın haqlı mövqeyinin qorunması istiqamətində olduqca böyük önəm daşıyır..

-Regionu təmsil edən Millət vəkili kimi Kürdəmirdə hazırkı ab-havanı necə dəyərləndirərdiniz?

- Bütün zamanlarda olduğu kimi, Kürdəmir əhalisi, kürdəmirlilər daim dövlətimizin, onun müzəffər ordusunun yanındadır və böyük ruh yüksəkliyi ilə Ali Baş Komandanın qələbə xəbərini gözləyir. Bu günlərdə öz övladlarını vətənə qurban verən analarımız yaxşı bilir ki, onların müqəddəs qanları yerdə qalmayacaqdır. 

Ədil Ədilzadə