"Biz bu gün həmin həmrəyliyin şahidiyik" -MÜSAHİBƏ

Millət vəkili,  Azərbaycan Parlamentində Böyük Britaniya Dostluq Qrupunun sədri Cavanşir Feyziyev SABAHİNFO.AZ saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 -Cavanşir müəllim təşəkkür edirəm bizə vaxt ayırdığınıza görə. İlk öncə cəbhədə baş verən hadisələrlə bağlı bir millət vəkili kimi sizin fikirlərinizi öyrənmək istiyərdik. İndiki məqam həm koronavirus, həm dünyada baş verən geopolitik siyasət nəticəsində belə bir hadisənin meydana gəlməsini necə dəyərləndirirsiniz?

- Son iki il ərzində Ermənistan rəhbərliyi tərəfindən aparılan siyasət münaqişənin çözülməsinə yox, daha da gərginləşdirilməsinə doğru aparırdı. Ona görə vəziyyətin bu şəkildə mürəkkəbləşməsini hər an gözləmək olardı. Həm Paşinyan hakimiyyətə gələndən sonra, Ermənistan hökumətinin hər cür vəchlə danışıqlar formatını pozmaq cəhdləri və Ermənistan Müdafiə Nazirinin yeni torpaqlar uğrunda yeni müharibə şüarı, eləcə də nəhayət baş nazir Paşinyanın Qarabağa Azərbaycandır deməsi bütün bu gərginliyi son həddə çatdırdı. Sanki Dağlıq Qarabağ ətrafındakı digər bölgələrin də işğalını Azərbaycana tanıtdırmaq cəhdləri olaraq onlar işğal altında olan ərazilərdən ölkəmizin artıq digər bölgələrinə qarşı təcavüz etməyə başladılar. Və şübhəsiz ki, Azərbaycan Ordusu bunu sakitliklə, sükutla qarşılaya bilməzdi. Hadisələrin təbii davamı Azərbaycanın Milli Ordusunun hərbi əməliyyatlara qoşulmasına gətirib çıxardı. Hərbi əməliyyatlar Azərbaycan ərazisində aparılır və tamamilə qanunauyğundur. Həm BMT nizamnaməsinin tələblərinə görə, həm bütün beynəlxalq hüquq normalarına görə Azərbaycan ordusunun bu əməliyyatları aparmaq səlahiyyəti var. Milli Ordumuz əməliyyatları bu gün uğurla aparır. Dünyanın bir çox bölgələrində aparılan hərbi əməliyyatlardan fərqli olaraq Azərbaycan dövləti əməliyyatları maksimum dərəcədə şəffaf şəkildə aparır. Belə ki, Azərbaycan ordusunun hədəfləri yalnız hərbi obyektlərdir və Azərbaycan ordusunun hədəfə alıb atəş açdığı, məhv etdiyi bütün hərbi obyektlər video yazısı bütün dünyaya nümayiş etdirilir. Milli ordu bunu ona görə şəffaf şəkildə aparır ki, Azərbaycana düşmən münasibət bəsləyən bəzi dövlətlər və siyasətçilər tərəfindən Azərbaycana qarşı hər hansı bir yersiz iddia qaldırıla bilməsin. Ona görə də Azərbaycan ordusu bu hadisələrin gedişində çoxsaylı kəndlərimizi və Cəbrayıl rayonunu, Horadiz qəsəbəsini işğalda azad etməyə nail olubdu. Hərbi əməliyyatların sonrakı gedişi ümimiyyətlə gələcəkdə bütün torpaqlarımızı işğaldan azad olunması ilə nəticələnəcək.

- Cavanşir müəllim müharibə təkcə səngərdə deyil, eyni zamanda arxa cəbhədə də davam edir. Yəni siz də bölgəni təmsil edən bir millət vəkilisiz. Ümumilikdə arxa cəbhədə həyata keçirilən işləri necə dəyərləndirirsiniz və Şəkidə ab-hava necədir?

- Bəli, bütün dövrlərdə müharibənin uğuru arxa cəbhənin əzmkarlığından asılı olub. Bu tarixdəki bütün müharibələrdə həqiqət öz yerini tapıb, bu gün də belədir. Təəssüf ki,  biz arxada ikinci müharibəni də aparırıq. Çünki koronavirusla müharibə bütün dünya ölkələrində o cümlədən Azərbaycanda da kifayət qədər uğurlu aparılır. Amma hadisələr elə bir qaynar həddə gəlib çatıb ki, koronavirusla bağlı insanların narahatlığı sanki ən sonuncu plana keçib və ilk növbədə insanların bütün fikri, diqqəti döyüş bölgəsindədir, işğal olmuş ərazilərimizdədir. Hadisələr başlayan ilk saniyələrdən, ilk anlardan etibarən biz müşahidə edirik ki, Azərbaycanın bütün bölgələrində insanlar silaha sarılaraq Vətənin müdafiəsinə getməyə hazır olduqlarını bildirirlər və gedirlər də. Saysız-hesabsız könüllü olaraq orduya getmək istəyənləri müşahidə edirik və hətta dövlət qurumları bu canlanmanın qarşısını almağa çalışır. Çünki lazım olduğunda daha çox insan cəbhə bölgəsinə yollanmaq istəyir. Eyni zamanda ölkənin hər bir yerində orduya kömək etmək istəyən insanlar öz xidmətlərini təklif edirlər. Hər kim nə ilə bacarırsa – istər maddi cəhətdən, istər mənəvi cəhətdən öz köməkliyini əsirgəmir. Nəticədə biz nəinki Azərbaycan ərazisində bütün dünya azərbaycanlıları arasında indiyə qədər görünməmiş bir ümummilli həmrəyliyi müşahidə edirik. Bu doğrudan da tarixin ən çətin sınaq dövrlərində baş verə biləcək bir həmrəylik görüntüsüdür, təzahürüdür. Biz bu gün həmin həmrəyliyin şahidiyik. Bu həmrəylik də müharibə bölgəsində, döyüşlər bölgəsində bizim gücümüzü ikiqat artıran bir amildir. Digər bir amil Azərbaycan cəmiyyətini ruhlandıran qardaş Türkiyə respublikasının Azərbaycanın haqq işini dayanmadan müdafiə etməsidir. Bilirsiz ki, Qarabağ münaqişəsilə bağlı 30 ildən artıqdır dünyanın bütün ölkələrində kifayət qədər məlumat var. Lakin erməni təbliğatının sayəsində, erməni riyakarlığının sayəsində bir çox ölkələrdə onları dəstəkləyən qərəzli qüvvələr də bar. Bütün bunların qarşısına çıxmaq üçün qardaş Türkiyə öz çiynini irəli verib və Azərbaycanın maraqlarını bütün dünya miqyasında qorumaqdadır. Heç təsadüfi deyil ki, dünən Avropa parlamentində keçirilən təcili dinləmələrdə səsləndirilən tənqidlərin və təzyiqlərin çox hissəsi Azərbaycandan daha çox Türkiyəyə qarşı yönəlmişdir. Bu da bizə aydırdır, çünki Türkiyənin dünya siyasətində getdikcə artan rolu, Türkiyənin beynəlxalq siyasətdə artan çəkisi Yunanıstan, Kipr, Fransa kimi dövlətləri narahat edir və onlar Türkiyənin bu bölgədə oynadığı rolu konkret olaraq hərbi əməliyyatlarda Azərbaycana verdiyi mənəvi dəstəyi Avropa ictimai fikrinə yanlış şəkildə təqdim etməyə çalışırlar. Hərçənd Türkiyə mənəvi cəhətdən bu mübarizənin önündə gedir, Azərbaycana dəstək olur. Amma Fransa,Yunanıstan və Kipr kimi dövlətlərin millət vəkilləri Avropa parlamentindəki çıxışlar zamanı Türkiyəni sanki həm öz hərbi qüvvələri ilə, həm də guya Suriyadan cəlb olunmuş mücahidlər vasitəsilə dəstəklədiyini dilə gətirirlər. Əlbəttə, bütün bunlar Türkiyəyə qarşı böhtandır, Azərbaycanın belə bir dırnaqarası mücahidlər tərəfindən oluna biləcək yardıma ehtiyacı yoxdur. Azərbaycanın silahlı qüvvələri bu işlərin öhdəsindən gəlməyə qadirdir.

Bəli, bu gün bütün xalq, bütün ölkə müharivə ab-havası ilə yaşayır. Amma bu insanları ruhdan salan müharibə ab-havası deyil, əksinə, bir qələbə xəbərini mücdələyən bir ab-havadır. Ona görə ölkənin bütün bölgələrində, o cümlədən Şəkidə insanlar çox böyük ruh yüksəkliyi içərisindədirlər. Baxmayaraq ki, döyüş bölgələrindən artıq şəhidlərimizin də olduğu və öz bölgəsinə gətirildiyi artıq dəfn mərasimləri keçirilib və s. Buna baxmayaraq insanlar yenə də döyüş bölgəsinə can atırlar və Şəkidə də başqa bölgələrdə olduğu kimi bu istiqamətdə çox böyük ruh yüksəkliyi var.

- Silahlı Qüvvələrə Yardım Fonduna ianə kamoaniyasında iştirak etmisinizmi?

- Bəli, mən özüm şəxsən iştirak etmişəm və belə müşahidə edirəm ki, gəlirinin nə qədər olmasından asılı olmayaraq hər bir azərbaycanlı bu fonda dəstək göstərməyə çalışır. Hətta bu günlərdə mətbuatda mənim seçildiyim ərazidən Hikmət baba  öz 180 manat təqaüdünü orduya köçürülməsi də bizi çox kövrəldir, təsirləndirir. Bu əslində əsl azərbaycanlı vətəndaşının mövqeyidir, əsl Azərbaycan xislətidir.

- Bu mülki əhalinin atəşə tutulması ilə bağlı kifayət qədər məlumatlarımız var əlimizdə. Bunlar beyməlxalq hüququn yəni Ermənistana qarşı hər hansı bir addım atmasına nə kimi rol oynaya bilər?

- Ermənistan tərəfindən yaşayış məntəqələrinin, mülki əhalinin yaşadığı yaşayış yerlərinin atəşə tutulması birbaşa beynəlxalq humanitar hüququn və cenevrə konvensiyalarının pozulmasıdır. Adətən bütün ordularda həm müharibə şəraiti ilə bağlı qəbul olunmuş bütün konvensiyalar, o cümlədən beynəlxalq humanitar hüquq normaları tədris olunur. Hərbiçilər bunu bilməlidir və bu şəraitdə qayda-qanunlara əməl etməlidirlər. Dünyanın demək olar ki, bütün bölgələrində baş verən hərbi əməliyyatlar da həbiçilər maksumum bu qanunlara əməl etməyə çalışırlar. Əgər hətta əməl olunmazsa, bu beynəlxalq tribunalın çağırılmasına və cəzalandırılmasına səbəb olur. Necə ki, biz bunun, məsələn, 1990-cı illərdə Balkanlarda baş vermiş hadisələrdə şahidi olduq ki, sonradan bu hadisələri törədənlər hamısı yəni beynəlxalq humanitar hüquq normalarına əməl etməyənlər hərbi əməliyyatlar zamanı onlar hamısı cəzalandırıldı. Ermənistan ordusu isə bu qayda-qanunlara məhəl qoymur. Bu iki şeydən xəbər verir. Birisi xəbər verir ki, Ermənistan bir tərəfdən münaqişəni beynəlmiləlləşdirməyə çalışır, digər tərəfdən beynəlxalq humanitar hüquq normalarına əməl etməyi unudur və yaxud əməl etmək istəmir. Digər tərəfdən bu həm də onu göstərə bilər ki, Ermənistan tərəfindən vuruşan insanlar, hərbiçilər hamısı doğrudan da hərbiçi deyil. Onlar bəlkə də elə muzdlu döyüşçülərdir ki, çünki onlara bu beynəlxalq humanitar hüquqi heç kim tədris etməyib. Onlara döyüş bölgəsində hansı humanitar qanunlara əməl olunması haqqında onların heç bir bilgisi yoxdur. Onların məqsədi ancaq öldürməkdir və əvəzində pul qazanmaqdır. Bu məni həm də o fikirə yönəldir ki, demək Ermənistan tərəfdən vuruşanların arasında qeyri formal, qeyri legitim hərbiləşdirilmiş muzdlular dəstəsi də var ki, ona görə onlar atəşin mülki şəxslərə və hərbi şəxslərə açılmasının fərdində deyillər. Onlar üçün sadəcə onları sifariş verən sahibləri tərəfindən verilən tapşırıqları yerinə yetirmək və əvəzində öz mükafatlarını almaqdır. Ona görə də hal-hazırda Azərbaycanın mülki əhalinin yaşadığı bölgələrini atəşə tutulması məhz bu iki nüansdan, iki mümkün haldan xəbər verir.

- Yəni əlimizdə kifayət qədər fakt varmı?

- Şübhəsiz, təmas xətti boyunca yerləşən bütün bölgələrdə hədəf olunmuş, atəşlərə məruz qalmış yaşayış məntəqələrinin video görüntüləri var və bütün bunlar artıq dünyanın mətbuat orqanlarında, dünya mediasında işıqlandırılır. Bu barədə bəzi ölkələrin siyasətçiləri artıq açıq danışmağa başlayırlar. Eyni zamanda Ermənistan özü kasetli bombadan istifadə etdiyi halda bütün dünya mətbuatına yaymağa çalışır ki, guya Azərbaycan tərəfindən qadağan olunmuş kasetli bombalardan istifadə olunur. Halbuki son günlərin hadisələrindən artıq beynəlxalq jurnalistlər də görüntülər paylaşıblar ki, Ermənistan tərəfindən atılan bombalar kasetli bombalar olub və onlar mahiyyət etibari ilə daha dağıdıcı qüvvəyə malikdir.

- Avropa Parlamentində dinləmələr dediniz keçirilibdi.  Avropa Parlamentindən müsbət bir cavab gözləməyə dəyərmi?

- Avropa Parlamentində keçirilən dinləmələr  təcili dinləmələr adlanırdı. Bu heç bir qətnamə və qərar qəbul olunması nəzərdə tutmur. Bu debatların keçirilməsində məqsəd Avropa ictimaiyyətinin parlamentarilərin timsalında Avropa ictimaiyyətinin fikirini öyrənmək və mümkün olarsa ümumi vahid bir qənaətə gəlməkdən ibarət idi. Amma təəssüf ki, vahid bir fikrə gəlmək mümkün olmadı. Çünki bayaq dediyim kimi Yunanıstan, Kipr və Fransa təmsilçiləri qərəzli mövqe tutaraq bu aparılan əməliyyatlarda Azərbaycanı və Türkiyəni tənqid etdilər. Azərbaycanın və Türkiyənin ünvanına bəzi əsassız iddialar səsləndirildi və bəzən təkliflər səsləndirildi. Sanksiyalar təklif etməklə yanaşı,  Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına qədər yersiz və qeyri-qanuni təkliflər səsləndirildi. Amma bütün bunlar yersizdir və əbəsdir. Çünki Avropa İttifaqına daxil olan bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bunu dəfələrlə həmin dövlətlərlə Azərbaycan arasında bağlanmış ikitərəfli müqavilələrdə, eləcə də Avropa İttifaqı ilə bağlanmış beynəlxalq səviyyəli müqavilələrdə həmin tərəflər dəfələrlə bunu təsdiq etmişlər. Ona görə həmin dövlətləri, həmin ölkələri təmsil edən parlament üzvlərinin nə deməsindən asılı olmayaraq həmin dövlərlər öz imza atdıqları sənədin əksini önə çəkə bilməzlər. Bu beynəlxalq qanunlara ziddir. O baxımdan bu Azərbaycan və Türkiyəyə qarşı səsləndirilən təklifləri biz çox mənasız hesab edirik, bunların heç bir siyasi, heç bir praktiki olmayacaq. Bu sadəcə siyasi nöqteyi-nəzərdən təbliğat vasitəsi hesab edirik. Bu həmin dövlətlər tərəfindən Türkiyə və Azərbaycana qarşı aparılan erməni siyasətinin, ermənilərin marağında olaraq, ermənilərin mövqeyini dəstəkləmək üçün Azərbaycana və Türkiyəyə qarşı aparılan siyasi təbliğatdır.

- Böyük Britaniyada vəziyyət necədir. Siz səfərdə olmusunuz səhv eləmirəmsə. Orada müsbət bir qətnamə qəbul olunub...

- Bəli, mən Böyük Britaniyada olmuşam. Həm lordular, həm nümayəndələr palatasında görüşlərim olub və bu görüşlərdə bölgəmizdə baş verən hadisələrin mahiyətinin bir daha həmkarlarımıza izah etmişəm. Böyük Briyaniya ümumiyyətlə Azərbaycanın mövqeyini, Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. Bu dəfə də eyni şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanın sülhə məcbur etmə üzrə apardığı hərbi əməliyyatları qanuni hesab edir. Bu barədə Böyük Britaniya parlament üzvləri özlərinin veb saytlarında bəyanat bölüşüblər və həmin bəyanatda BMT-nin 4 məlum qətnaməsi xatırlanılır və Ermənistan hökumətindən həmin qətnamələrə dərhal əməl olunması tələb olunur. Digər tərəfdən həmin bəyanatda Azərbaycanın 20 faiz torpaqlarının işğal olunması və eləcə də bir milyona yaxın qaçqın və məcburi köçkünün bu hadisələr nəticəsində evsiz-eşiksiz qalması, müxtəlif məqbul olmayan şəraitdə yaşaması və s. bütün bunlar nəzərə çatdırılaraq, erməni hökumətindən dərhal Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması tələb olunur.

- Fransa prezidenti Makronun ardınca Almaniyanın Xarici İşlər Nazirliyi də buna bənzər qərəzli bəyanat səsləndirdi. Bu bəyanatlar nə kimi çəkiyə malikdir?

- Bu bəyanatların heç bir əhəmiyyəti yoxdur və əksinə mən düşünürəm ki, belə əsassız, haqsız və qərəzli bəyanatlar səsləndirilməklə həmin ölkələrin təmsilçiləri öz dövlətlərinə olan rəğbəti azaltmış olurlar. Xüsusilə Fransa prezidentinin yoxlanılmamış heç bir fakta əsaslanmayan erməni təbliğatının məhsuluna isdinad edərək Azərbaycanda mücahidlərin döyüşdüyünü ictimai fikirə təqdim etməsi mənəvi cəhətdən yolverilməzdir və siyasi cəhətdən çox böyük səhvdir. Bir dövlət başçısına yaraşmayan hərəkətdir və ona görə də cənab Prezidentin Emanuel Makronla telefon bağlantısında cənab Prezident haqlı olaraq Emanuel Makrondan Azərbaycan xalqından üzr istəməyi tələb etdi. Bu tamamilə qanunauyğundur və haqlı tələbdir. Çünki Fransa kimi bir dövlətin rəhbərinin belə məsuliyyətsiz bəyanat yaymağa mənəvi haqqı yoxdur. Əgər o bunu edirsə, demək bu münaqişədə tərəf saxlayır və daha pisi ondan ibarətdir ki, bu ədalətsiz olanın tərəfini saxlayır. Çünki Qarabağ münaqişəsinin məzmunu və mahiyyəti bütün dövlətlərin rəhbərlərinə məlumdur. O cümlədən Fransa dövləti və onun prezidentinə çox yaxşı məlumdur. Artıq 30 ilə yaxındır ki, Fransa dövləti ATƏT-in Minsk qrupunun həmsədridir və bu illər ərzində Fransaya prezidentlik etmiş bütün şəxslər bu torpaqların Azərbaycana məxsus olduğu və Ermənistan tərəfindən işğal olunduğunu çox yaxşı bilirlər. Təəssüf ki son iki prezident Fransua Olant və Emanuel Makron dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrdən də öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Biz bilirik ki, Fransada həm parlament seçkilərinə, həm prezident seçkilərinə hazırlıq artıq başlanıbdır və Fransada yaşayan çoxsaylı erməni lobbisinin dəstəyini qazanmaq üçün indi həm milli assambleyanın üzvləri, həm də prezidentliyə potensial namizədlər və o cümlədən Emanuel Makron sadəcə erməni əsilli öz həmvətənlərinin səsini qazanmaq xatirinə belə bir ədalətsiz addım atmağı özlərinə rəva görürlər. Bu siyasi nöqteyi cəhətdən mən hesab edirəm ki, yanlış addımdır, bu siyasətçiyə yaraşmayan addımdır. Digər tərəfdən mənəvi nöqteyi nəzərdən ümumiyyətlə yolverilməz bir haldır. Çünki biz xüsusilə Fransadan dünya siyasətinə azadlıq, bərabərlik, qardaşlıq prinsiplərini dünya siyasətinə təxminən 230 il qabaq gətirmiş Fransadan belə bir ədalətsiz münasibəti gözləməməliydik. Çox təəssüf ki, bu baş verir və elə hesab edirəm ki, sonda bunun nəticələri Fransa üçün xoşagəlməz ola bilər.

- Azərbaycan və Fransa münasibətlərinə və eyni zamanda digər əlaqələrə yenidən baxıla bilərmi?

- Azərbaycan Fransa münasibətləri bütün bu keçən 30 il ərzində kifayət qədər pozitiv dinamika ilə inkişaf edib. Bizim aramızda iqtisadi sahədə çox böyük əməkdaşlıq meydanı var və hal-hazırda 400-dən çox Fransa şirkəti Azərbaycanla çalışır, Azərbaycanla biznes münasibətlərində bulunur. Şübhəsiz ki, digər Avropa dövlətləri kimi Fransanın da bu bölgədə iqtisadi maraqları var. Lakin Azərbaycan bütün bu baş verən hadisələrdən nəticə çıxararaq öz prioritetlətini  də müəyyənləşdirməkdə davam edəcək və cənab Prezidentin dediyi kimi bu gün həqiqət anıdır. Bu həqiqət anında kimin hansı mövqedə durduğunu biz müşahidə edirikvə müvafiq nəticəni çıxaracağıq.

- Qələbə ilə bağlı fikrilərinizi bilmək istərdik. O anı necə təsəvvür edirsiniz?

- Qələbə artıq bizimlədir. Çünki 30 il biz müharibə aparmışıq. Bu Azərbaycan tarixində ən uzun sürən, davam edən müharibədir. Bu 30 il ərzində müharibə bir an belə dayanmayıb. Hətta nisbi sakitlik olsa belə müharibə insanların həyatına, onların məişətinə, onların ailəsinə, ölkənin iqtisadiyatına, siyasətinə öz təsirini heç vaxt dayandırmayıbdır. Ona görə də elə 30 ildir ki, biz müharibə şəraitindəyik və müharibə aparırıq. Bu günlərdə əldə olunan qələbə artıq qələbədir. Bu çox böyük qələbədir. Çünki dünyanın, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in Minsk Qrupunun, Avropa İttifaqının görə bilmədiyi işi Azərbaycan Ordusu cəmi 1-2 gün ərzində görə bildi. Bundan böyük qələbə bəlkə hələ bizim tariximizdə olmayıb. Hətta mən əminəm ki, bu hələ son deyil. Bizim daha böyük qələbələrimiz qabaqdadır və biz Azərbaycanın torpağının hər bir qarışı azad olunana qədər bu neçə il çəkməyindən asılı olmayaraq bu mübarizə, bu müharibə davam edəcək və qələbə bu gün də bizimlədir, gələcəkdə də bizimlə olacaq.