Milli Məclisin
deputatı professor Aqiyə Naxçıvanlı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
altında Müzəffər Azərbaycan Ordusunun qazandığı QƏLƏBƏ münasibəti ilə
SABAHİNFO.AZ saytına müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırıq.
-Aqiyə xanım, qalib xalqın millət vəkili, nümayəndəsi kimi qan bahasına
qazanılan QƏLƏBƏ ilə bağlı sizin fikirləriniz maraqlı olardı.
-Müsahibənin mövzusu elədir ki, bu yöndə danışanda istər-istəməz adam qəhərlənir.
Bu qəhər sevincdən, qürurdan doğan hissdir. İnanırsınızmı, 30 ilə yaxındır ki,
mən belə sevinc hissi yaşamamışam. Möhtərəm Prezidentimizin yürütdüyü siyasətin
ana xəttini Dağlıq Qarabağ münaqişəsinin həlli təşkil edir. Prezident İlham
Əliyev istər yerli, istərsə də beynəlxalq tribunalarda Azərbaycanın haqq səsini
dünyaya çatdırır. Ancaq biz görürük ki, bizim haqq-ədalət gözlədiyimiz dünya
özü ədalətsizliyə qapılıb. Haqqın yox, nahaqqın yanındadır. ATƏT-in Minsk
Qrupunun həmsədrləri BMT qətnamələrinin həlli istiqamətində heç bir addm ata
bilmədi. Hər dəfə boş bəyanatlar, kağız üzərində icrasız qalaraq, ildən-ilə
ötürülürdü. Bu isə belə davam edə bilməzdi. Cənab Prezidentimizin dediyi kimi
Azərbaycan xalqının səbr kasası dolub daşırdı. Təbii ki, biz istəməzdik qan
tökülsün. Sülh yolu ilə öz dədə-baba torpaqlarımızı geri istəyirdik. Düşmən öncə
Tovuz istiqamətində həmlə etdi. Daha sonra isə davamlı olaraq işğal altında
olan ərazilərdən açdığı atəşlər cavabsız qalmadı. Azərbaycanın həyata keçirdiyi
əks-hücum əməliyyatları nəticəsində çətin və şərəfli QƏLƏBƏ qazandıq. Biz bunu
gözləyirdik. Bu bizim haqqımız idi. Bizə bu haqqı verən, bizə bu qüruru yaşadan
Ali Baş Komandan və Azərbaycanın Müzəffər Ordusunun hər bir üzvünə öz dərin təşəkkürümü
bildirirəm. 44 günlük əməliyyatlar bir daha onu sübut etdi ki, Azərbaycan düşmənlə
həm döyüş meydanında, həm də diplomatik arenada apardığı mübarizədə qalibdir.
Bizdə güclü birlik var. Xalq-hakimiyyət birliyi olan yerdə bütün bağlı qapılar
açılır.
-Etiraf edək ki, 44 gündə cənab prezident ilham Əliyevin dediyi kimi kimin kim
olduğunu gördük. Cənab Prezident həmin dövrdə dünyanın müxtəlif ölkələrindən
olan televiziya və KİV nümayəndələrinə ümumilikdə 30-dan artıq müsahibə verdi.
Baş verənləri dünya ictimaiyyətinə olduğu kimi çatdırdı..
-Baxın, Azərbaycan Ordusu tarixi qələbə qazanmaqla nəyə nail oldu. Artıq
işğal altında olan torpaqlarımızı geri qayıtdıq. Şuşada da Azərbaycan bayrağı
dalğalanır. Bir müddət öncə Cıdır Düzündə Yallı gedən ermənilər indi qaçıb gizləniblər.
Artıq Şuşada Gövhər Ağa Məscidində işıqlar yanır, azan oxunur. Allahın evi ibadət
üçün açıqdır. Eyni zamanda dünyada belə bir mif formalaşmışdı ki, erməni ordusu
yenilməzdir. Biz bu mifi də aradan qaldırmış olduq. Biz dünyaya bəyan etdik ki,
ermənilər təcavüzkardır, yırtıcıdır və bununla bərabər həm də qorxaqdırlar.
Onlar günahsız insanları, mülki vətəndaşları atəşə tuturlar. Bütün bunlarla
bağlı əlimizdə kifayət qədər faktlar var. Güman edirəm bu zamana kimi lal, kar
qalan beynəlxalq təşkilatlar artıq ermənilərə bir cavab verəcək. Münaqişə
başlayandan Türkiyə, Pakistan Azərbaycanın yanında olduğunu bəyan etdilər və bu
məsələdə sona qədər bizimlə eyni mövqeyi paylaşdılar. Fransa və digər ermənipərəst
dövlətlər isə yenə qərəzli yanaşma ilə öz diplomatiyalarına böyük zərbə vurmuş
oldular. Bütün bunların fonunda onu demək istəyirəm ki, əsrə bərabər 44 gündə
dostumuzu və düşmənimizi bir daha təsbit etmiş olduq.
Cənab Prezident İlham Əliyevin dünya mediasına verdiyi müsahibələrlə bağlı
onu deyə bilərəm ki, bu müsahibələrin hər biri master-klass idi. Jurnalistlərin
suallarına faktlarla və tutarlı cavab verən İlham Əliyev bir daha necə qüdrətli
lider olduğunu bəyan etdi. Mən təklif edərdim ki, cənab Prezidentin müharibə
zamanı xalqa müraciətləri, xarici KİV-lərə verdiyi müsahibələr ayrıca kitab
halında çap olunsun. Bu kitabdan Ali Məktəblərdə, siyasi kurslarda istifadə
olunsun. Mən inanıram ki, belə bir kitab gələcək politoloqlarımız, beynəlxalq
münasibətlər sahəsində çalışan mütəxəssislər və gələcək nəsillər üçün önəmli vəsait
olacaq. Onlar bu müsahibələrdən çox dərin məlumatlar, liderlik bacarığı və bir
çox məsələlər barəsində maariflənə biləcəklər.
-Bildiyimiz qədər Xurşudbanu Natəvan sizin ulu nənənizdir. O üzdən Şuşanın
işğaldan azad olunmasının sizin üçün xüsusi əhəmiyyəti var?
-Şuşa hər birimiz üçün həssas məsələdir. Mən düşünürəm ki, Şuşada Qələbəmizin
simvolu kimi İlham Əliyevin heykəli ucaldılmalıdır. Yeni tarix yazan sərkərdəmizin
sağlığında biz ona olan borcumuzu belə yerinə yetirmiş olarıq. Şuşa bizim üçün
daim əzizdir. Şuşa Azərbaycanın simvoludur. Şuşa.. Şuşa... Şuşa ilə bağlı nə qədər
xoş söz desək azdır.
Digər məsələyə gəlincə bəli,
əcdadlarımız Qarabağ xanı İbrahimxəlil xana qədər gedib çıxır. Bildiyiniz
kimi mənim ulu nənəm Natəvan İbrahimxəlil xanın nəvəsidir, ata babam Əkbər xan
Naxçıvanskinin doğma nənəsidir. El arasında "Xan qızı" adı ilə məşhur
olan Xurşudbanu Natəvan incə ruhlu şair olmaqla yanaşı, dövrün görkəmli
maarifçisi, ictimai xadimi, xeyriyyəçisi kimi tanınmış və ümumxalq məhəbbəti
qazanmışdır. Azərbaycan ədəbiyyatının inkişafında qadın poeziya ustadımızın
yaradıcılığı xüsusi əhəmiyyət daşıyır. O, zəmanəsinin görkəmli şəxsiyyətlərindən
olmuş, təkcə Azərbaycanda deyil, bütün Qafqazda xeyirxahlığı ilə tanınmışdır.
İndi mən çox xoşbəxtəm ki, ulu nənəmin doğma şəhəri Şuşa, bütün Qarabağ yağı
düşmənin tapdağından azad olunub. Artıq Natəvanın və digər böyük şəxsiyyətlərin
güllələnmiş heykəllərinə yox, onların Şuşanı bəzəyən abudələrinə tamaşa edəcəyik.
-Artıq Rusiya sülhməramlıları bölgədədirlər. Bununla düşmənə Kəlbəcəri
boşaltmaq üçün verilən vaxt doldu. Əlavə vaxt istəklərinə hümanist addım atıb
10 gün əlavə vaxt verildi. Hümanizmimizin qarşılığı olaraq erməni vandalları təbiətə
ciddi ziyan vurur, evləri yandırırlar. Bununla bağlı nə deyə bilərsiniz?
-Cənab Prezidentimizin
dediyi kimi biz oranı cənnətə çevirəcəyik. Qeyd etdiyimiz kimi düşmən vandaldır.
Körpə günahsız uşaq qatillərindən bundan artıq nə gözləyəsən ki? Düşünürəm heç
olmasa bölgədə olan sühməramlılar və xarici ölkələrin media mənsubları bunu
görüb öz ölkələrinə bu yöndə məlumat verməlidirlər. Azərbaycan onsuz da bütün
bunlarla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ermənilər elə bilir ki,
onlar məğlub oldu və bununla da hər şey başa çatdı. Xeyir, əksinə, biz əlimizdə
olan faktlarla onarı ifşa edəcəyik. Onlar bir daha dönüb bizim torpaqlarımıza
baxa bilməyəclər.
Ədil Ədilzadə
SABAHİNFO.AZ