Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev SABAHİNFO.AZ saytına müsahibə verib. O, müsahibəsində qazanılan şanlı zəfərdən söz açıb. Yeni dövrün başlandığını deyən E.Quliyev həyata keçiriləcək işlərə toxunub.
- Eldar müəllim, vətən müharibəsi
qələbəmizlə başa çatdı. Bu tarixi qələbə barəsində nə deyə bilərsiniz?
- Azərbaycan ikinci Qarabağ
müharibəsində zəfər çaldı. Buna Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,
müzəffər ordumuzun şücaəti sayəsində nail olduq. Bu, tarixi qələbədir.
Azərbaycanın son iki yüz ildə, demək olar, ən böyük qələbəsidir. Tarixə diqqət
yetirsək, görərik ki, Şah İsmayıl Xətai və Nadir Şah döyüşlərdə qələbə
çalıblar, onlar böyük zəfər yürüşləri ediblər. Bilirsiniz ki, istər XIX,
istərsə də XX əsrdə ölkəmiz qələbə qazanmayıb. Doğrudur, 1918-cil ildə
müstəqillik əldə etdik, təəssüflər olsun ki, cəmi 23 ay oldu... Müasir dövrdə
ermənilərin azərbaycanlılarla təcavüzü 1988-ci ildən başladı, son günlərə qədər
davam etdi. Azərbaycan torpaqlarının 20 faizini itirmişdi, 1 milyon qaçqın və
məcburi köçkünü var idi. Ermənilər etdikləri ilə kifayətlənmirdilər, hər il bir
neçə dəfə torpaqlarımıza hücum edirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın
dövründə vəziyyət bir qədər də gərginləşdi. Onun çıxışlarına baxsaz, görərsiniz
ki, qeyri-normal hökumət başçısıdır. Paşinyan deyirdi ki, Qarabağ Ermənistandır”.
Bu, absurd iddiadır. Çünki Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurası 1993-cü ildə Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı 4
qətnamə qəbul edib. Sənədlərdə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri
Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalıdırlar. Paşinyan Şuşada parlament
binası tikmək istəyirdi, torpaqlarımızda komandası ilə qol-qola rəqs edirdi...
Bunların siyasətinin əsasında yalnız işğalçılıq durub. Azərbaycan Ermənistana
bir neçə dəfə layiqli cavab verib, 2016-cı ilin aprel döyüşləri buna misaldır.
Həmin vaxt torpaqlarımızın bir hissəsini azad etdik, bayrağımızı sancdıq.
Azərbaycan davam edəcəkdi, Rusiyanın təsiri ilə dayandı. Ermənistanın o dövrdə
prezidenti olan Serj Sarqisyan dizlərini yerə qoydu, Rusiyanın prezidenti
Putinə yalvardı, danışıqlara hazır olduğunu bildirdi. Təəssüflər olsun ki,
Soçidəki və digər görüşlər nəticə vermədi. Ermənistan 2020-ci ildə də sakit
dayanmadı, hücuma keçdi, özü də sərhəddən - Tovuz istiqamətindən. Tovuz cəbhə
bölgəsindən 100-150 kilometr aralıda yerləşir. Azərbaycan ordusu bu hücumun
qarşısını qətiyyətlə aldı. Döyüşlər zamanı itkilərimiz oldu... Erməni tərəfi
daha çox itki verdi. Ermənilər Bakı-Tbilisi-Ceyhan neft kəmərinə raket atıdı,
onlar kəməri partlatmaq istəyirdilər, amma buna nail ola bilmədilər.
Sentyabrın 27-də də təxribat törətdilər. Buna cavab olaraq, Azərbaycan
əks-hücum əməliyyatlarına başladı. Azərbaycanın müharibəyə başlamaqdan başqa
yolu yox idi. Çünki bu illər ərzində danışıqlar nəticə vermədi... ATƏT-in Minsk
Qrupu 30 ilə yaxın müddətdə heç bir addım atmayıb. Hiss olunurdu ki, bu qrup
ermənilərə daha yaxındır. Xatırlayıram ki, ATƏT-in Minsk Qrupu yaradılanda çox
çalışdıq ki, həmsədr dövlətlərdən biri Türkiyə olsun. Amma imkan vermədilər.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, sülh tərəfdarıyıq,
müharibə istəmirik. Lakin sülh şəraitinin yaradılması üçün ikinci tərəf də
addım atmalıdır axı... Minsk Qrupu tam nüfuzdan düşmüşdü, inam qalmamışdı. Qrup
oyuncağa çevrilmişdi. Azərbaycan uzun illər status-kvonun dəyişdirilməsinə cəhd
etdi, alınmadı. "Madrid prinsipi”nə də əməl edilmədi. Hər şey sənəd üzərində
qalmışdı. Azərbaycan hökuməti bu illər ərzində ölkə iqtisadiyyatını inkişaf
etdirdi, ordunu gücləndirdi. Büdcədən hər il orduya ayrılan vəsait artırılırdı.
Bunları bu gün üçün edirdik. Beləliklə, Azərbaycan sentyabrın 27-də əks-hücum
əməliyyatlarına başladı və prosesi uğurla başa çatdırdı. Ordumuz şəhid verdi,
yaralananlarımız da oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa
versin. Onlar canlarını vətən uğrunda fəda ediblər, bunu heç vaxt
unutmamalıyıq. Hazırda Azərbaycanın bayrağı işğaldan azad edilən ərazilərdə
dalğalanır. Azərbaycan ordusu erməniləri diz çökdürdü. Ermənistan yenidən
Rusiyaya üz tutdu, yalvardı. Noyabrın 10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və
Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat imzaladılar. Kəlbəcər noyabrın
15-də, Ağdam noyabrın 20-də, Laçın isə dekabrın 1-də Azərbaycana qaytarıldı.
Bu, Ermənistanın kapitulyasiyası idi. Ermənistan 3 rayonu qaytarmağa razı oldu,
çünki tamamilə məğlub olmuşdular. Rusiya ilə Türkiyədə Qarabağdakı vəziyyəti
birgə monitorinq edəcəklər, bununla bağlı müvafiq sənəd imzalanıb. Dağlıq
Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda
odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil
və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib. Dağlıq
Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa
şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı
kontingentinin nəzarəti altında qalacaq. Burada qalib tərəf Azərbaycandır. Heç
kəsin ağlına gəlməzdi ki, torpaqlarımız nə vaxtsa, işğaldan azad ediləcək.
Ordumuz xüsusi şücaət göstərdi, onlar Şuşanı işğaldan azad etmək üçün
hansı qəhrəmanlıqları göstəriblər, bilirsiniz. Şuşa alınmaz qala idi. Biz
1992-ci ildə Şuşa işğal ediləndə təəccübləndik ki, bu necə ola bilər? Təsəvvür
edin, 15-20 hərbçimizin qarşısından 1500-2000 nəfər erməni əsgəri qaçıb.
Sualınıza gəlincə deyə bilərəm ki, biz ilk növbədə sərhədlərimizi
möhkəmləndirməliyik. Qarabağda ermənilərin yaşamasından narahat olmaq lazım
deyil, onlar Azərbaycan vətəndaşlarıdır. Təbii ki, 1990-cı illərin əvvəllərində
torpaqlar işğal edilənədək orada yaşayanlardan söhbət gedir. Prezident bunu
dəfələrlə deyib. Sülhməramlıların gəlişi ilə bağlı narahatlığa əsas yoxdur.
Onların fəaliyyəti imzalanan bəyanatda qeyd olunub. Rusiya prezidenti Vladimir
Putin çıxışında qeyd etdi ki, Azərbaycan öz torpaqlarını azad edib. Biz
müharibəni öz torpaqlarımızda aparmışıq, başqasının torpağında gözümüz yoxdur.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerini yetirdi, kimsə deyə
bilməz ki, niyə bu addımı atırsınız. Bu, suveren hüququmuzdur. Qarabağda hər
hansı statusdan söhbət gedə bilməz. O rayonlar da, məsələn, Kürdəmir,
Mingəçevir necə idarə edilirsə, o cür idarə ediləcək.
-
İşğaldan azad edilən ərazilərdə evlərin tikilişi və vətəndaşlara verilməsi ilə
bağlı müəyyən təkliflər var. Sizin bu yöndə təklifləriniz maraqlıdır.
- İşğaldan azad edilən rayonlarla
bağlı dövlət proqramı hazırlanmalıdır. Oraya xarici şirkətlər də dəvət
edilməlidir. O da mümkündür ki, xarici şirkətlər evləri tiksin, az faizlə
kreditə versin. Bilirəm ki, türkiyəli bir neçə iş adamı müraciət edib. Burada
təkcə evlərin tikilməsindən söhbət getmir, zavodlar inşa edilməlidir, kənd
təsərrüfatı dirçəldilməlidir, bütün bunlar iş yeri deməkdir. Biz o rayonlarda
nələr qoyub gəldik, hamısı sıfıra dönüb. Təbii ki, bu, çox böyük məbləğdir.
Deyirlər, 100 milyard lazımdır, məncə, ən azı 500 milyard gərəkdir. Erməniləri
beynəlxalq məhkəmələrə vermək, təzminat tələb etmək lazımdır. Əgər verə
bilmirlərsə, torpaqlarından versinlər. Zəngəzur qədim Azərbaycan torpağı olub. Həmçinin
İrəvan... Ermənistan dövləti Azərbaycan torpaqlarında yaradılıb.
-
İşğaldan azad edilən rayonların aqrar potensialı hansı səviyyədə olub?
-Prezident İlham Əliyev çıxışında
bildirdi ki, ermənilər həmin torpaqlardan ildə 90 min ton taxıl əldə edirlər.
Düzdür, böyük rəqəm olmasa da, kifayət qədər məhsul deməkdir. Əsas su
mənbələridir ki, bu da Qarabağda var. Aqrar sahə üçün əsas olan su və
torpaqdır. Qarabağda baramaçılıq xüsusilə inkişaf edə bilər, çünki burada ənənə
var, tut ağacları çoxdur. Orada "Azərittifaq”ın konserv zavodları olub. Ən
böyük zərər Kənd Təsərrüfatı Nazirliyinə və "Azərittifaq”a dəyib. Çünki oradan
nəsə çıxara bilməmişik.
- Sədri olduğunuz "Azərittifaq” o ərazilərdə
hansı işləri görməyi planlaşdırır?
- İstərdik ki, fəaliyyətimizi bərpa
edək. Etiraf etmək lazımdır ki, artıq o gücümüz yoxdur. Amma bütün hallarda
gəlir gətirən sahələr inkişaf etdirilməlidir. Turistlərin cəlb edilməsi üçün
Kəlbəcərdə istirahət mərkəzləri tikilməlidir. Bilirsiniz ki, Kəlbəcər İstisuyu
ilə məşhurdur. Turizmin inkişafı üçün təhlükəsizlik təmin edilməlidir. Turist
istəməz ki, güllənin qabağında dayansın. Qarabağda nə yoxdur ki... Hər şey
var. Əsas odur ki, insanları köçürək.
- Qondarma "Dağlıq Qarabağ
Respublikasının” rəhbəri Araik Arutunyan Xankəndiyə qayıdıb. Azərbaycan Baş Prokurorluğunun axtarışa verdiyi şəxsin bu
torpaqlarda gəzməsi normaldırmı?
- Bütün bu addımlar erməniləri sakitləşdirmək üçün edilir.
Arutunyan, sadəcə, ruhdur, heç bir səlahiyyəti yoxdur. Arutunyan Xankəndinə
gəlir və camaata göstərmək istəyir ki, guya məsələ ermənilərin xeyrinə həll
ediləcək. Azərbaycan yaxın müddətdə Xankəndinə təyinatlar etməlidir. Orada hər
hansı statusdan söhbət gedə bilməz. Artunyanın addımları erməniləri
sakitləşdirmək üçündür, yəni, gəlin, rahat yaşayın, axı onlar qorxur... Rusiya
da onları yola verir. Azərbaycanın bəzi yerlərə girməməsinin səbəbi minalardır.
Vicdansızlar əksər yerləri minalayıblar. Azərbaycan Prezidenti bu məsələlərlə
bağlı dəqiq strategiya seçib. Hamımız Prezidentin ətrafında sıx birləşmişik.
İlham Əliyev dünyada sayılıb-seçilən liderlərdəndir. Deyərdim ki, dünyada 10
siyasi lider varsa, onlardan biri İlham Əliyev, digəri isə Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğandır. Xaricdə oturan bəzi ağzıgöyçəklər qələbəyə kölgə
salmağa çalışırlar. Onlar müharibə vaxtı ölkəyə gəlib müharibəyə yollanmadı.
Bunun əvəzində boş-boş danışırlar. Meşə çaqqalsız olmaz... Azərbaycanın qələbəsi
tarixə qızıl hərflərlə yazılacaq.
- Baş verənlərdən sonra Ermənistanla
Azərbaycanın əməkdaşlığı ola bilərmi?
- Hesab edirəm ki, əməkdaşlıqdan danışmaq tezdir. Bu, 2-3 ildən
sonra müzakirə mövzusu ola bilər. Mətbuatda izlədim, belə təklif var ki,
Türkiyə və Rusiyanın daxil olduğu Cənubi Qafqaz ölkələrinin birliyi yaradılsın.
Əgər bu, baş tutarsa, əməkdaşlıq bəlkə mümkün olsun. İndidən demək olmaz ki,
ermənilərlə hansı işləri görəcəyik. Keçmişdə münasibətlər normal olub,
gediş-gəliş var idi. Biz heç vaxt düşmənçilik aparmamışıq, bunu yalnız
ermənilər edib. Çünki ermənilərin torpağı olmayıb, ona görə başqalarının
torpağına göz dikiblər. Bir müddət öncə, bir erməninin çıxışına baxırdım, dedi
ki, biz ilk dəfə 1988-1993-cü ildə qələbə çaldıq, amma Azərbaycan Qarabağı
yenidən geri aldı. Bunlar qələbənin nə olduğunu bilməyən tayfadırlar. Ermənilər
1941-1945-ci illərdə də satqın olublar. Qaregin Njdeyə də abidəni onlar
ucaldıb. Paşinyanın babası satqın olmayıb ki? Biz onlar haqqında faktlarla
danışırıq, onlarda da fakt varsa, bizim haqqımızda desinlər. Yoxdur! Satqına
heç vaxt arxa çevirmək olmaz. Mənə babam deyərdi ki, erməniyə arxa çevirmə,
vuracaq. 1918-ci ildə ermənilər Bakıya hücum ediblər. İndiki Zabrat körpüsünün
yaxınlığında xəndək qazılıb, ona görə də ermənilər keçə bilməyib. Ermənilər
kəndlərə buraxılmadı. Sonradan türk ordusu gəldi, erməniləri qovdular. Babamla
yanaşı iki qardaşı da vuruşub, onlardan biri – Ağaverdi şəhid olub. Sovet
dövründə də Maştağa və Nardarana erməni buraxılmadı. Kommunikasiyaların
qurulması müzakirə ediləcək. Hələ Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi müzakirə
olunarkən ulu öndər Heydər Əliyev Ermənistana təklif etdi ki, Qarabağ məsələsi
həll edilsin, boru kəmərinin bir hissəsi sizin ərazinizdən keçsin. Onlar ildə
300-350 milyon qazanacaqdılar. Amma onlar razılaşmadılar. Erməni lobbisinin
güclü olduğunu hər kəs bilir. Fransa senatının və parlamentinin qəbul etdiyi
sənəd buna misaldır. Hansı Qarabağın müstəqilliyindən söhbət gedə bilər? Cənab
Prezident İlham Əliyev Fransanın bu addımına tutarlı cavab verdi. Dedi ki,
istəyirlərsə, şəhərin adını Marselyan qoysunlar, erməniləri yerləşdirsinlər.
Ermənilər heç 2 milyon deyillər, amma danışıqlarına, hərəkətlərinə baxın.
Azərbaycan qanunlarına tabe olmaq şərtilə ermənilər Qarabağda yaşaya
bilərlər... Başqa cür mümkün deyil.
- Rusiyanın sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsi
Azərbaycana nə vəd edir?
- Rusiyanın sülhməramlı kontingenti Qarabağda 5 il müddətində
qalacaq. Bu, həm də prosesin gedişatından asılı olacaq. Bu məsələ də yoluna
qoyulacaq. Əsas odur, torpaqlarımız işğaldan azad edilib. Tam səmimi deyirəm,
ən böyük arzum olub ki, Qarabağ işğaldan azad edilsin. Çünki bu torpaqlar bizim
dövrümüzdə işğal edilmişdi... Bu, çox ağır yükdür, gələcək nəsillərə qoymaq
olmazdı. Şükürlər olsun, qələbə çaldıq. Allah Ali Baş Komandan İlham Əliyevin
canını sağ eləsin, o, bu müharibənin başlaması üçün əmr verdi, qüdrətli ordumuz
da şücaət göstərdi. Qonşularımızla münasibətlərimizi daha da
möhkəmləndirməliyik. Rusiya böyük dövlətdir, həmişə təmasda olmuşuq. Nəzərə
alın ki, hazırda 2 milyon azərbaycanlı Rusiyada yaşayır. Mən ikinci Qarabağ
müharibəsi ərəfəsində sərgilədiyi mövqeyə görə Rusiya prezidenti Vladimir
Putinə minnətdarlığımı bildirirəm. Rusiya Azərbaycana dost dövlətdir, işini
görüb, gedəcək. Türkiyə bu müharibədə Azərbaycanın yanında oldu, bütün dəstəyi verdi,
tür qardaşlarımız sağ olsunlar. İsrail də, Ukrayna da, İran da, Gürcüstan da
Azərbaycanı dəstəklədilər. Qonşu dövlətlər olan İran və Gürcüstan hərbi
yüklərin Ermənistana daşınmasına imkan vermədi. Amma baxın Avropanın bir neçə
dövlətinin ermənipərəst mövqeyinə... Qələbəni qəbul etmirlər, etməsinlər...