"Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?"-MÜSAHİBƏ

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Professor Hicran Hüseynova SABAHİNFO.AZ saytına müsahibə verib. Gündəmdə olan mövzuları dəyərləndirib. Həmin müsahibəni siz oxucuların diqqətinə çatdırırıq.

-Hörmətli Hicran xanım. 30 ildən artıq özlədiyimiz o an yetişib. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan toraqlarımızda tarix yazır. Bununla bağlı nə deyə bilərsiniz?

-Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Hər gün bizi tam qələbəyə yaxınlaşdıran xəbərlər eşidirik. Ordumuz, başda  cənab Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla sistemli, planlı şəkildə irəli gedir.  Füzuli,  Cəbrayıl, Ağdərə və Tərtərin rayonlarının bir neçə kəndlərini, yaşayış məntəqələrini, mühüm strateji ərazi və yüksəkliklərinin, həmçinin Cəbrayılın şəhərinin, Hadrut qəsəbəsinin azad olması xəbəri  bizi sevindirdi. Bu qələbə asan başa gəlmir, bizim qəhrəman əsgərlərimiz igidlik göstərir, vuruşur və hətta şəhid olur. Bu bizi ağrıtsa da, ruhdan düşmürük. Çünki, balalarımız torpaqlarımızı azad etmək üçün, bir daha  düşmən tapdığına çevrilməməsi üçün  mübarizə aparır.  Hamımız ürəkdən inanırıq ki, Qarabağ həsrətimizin bitməsinə az qalıb. Mən  bu münasibətlə xalqımızı təbrik edirəm! Xalqımızın əhval-ruhiyyəsi yüksəkdir və bizim qələbə əzmimizi heç nə  sarsısada bilməz!

-Cənab Prezident İlham Əliyevin dediyi kimi indi sınaq anıdır. Kimin dost, kimin düşmən olduğu görünür. Bu baxımdan da Azərbaycana qarşı qara-piar aparanlar var. Rusiyanın bir sıra kanallarında erməni əsilli və ya digər millətlərdən olanlar düşmənin mövqeyini açıq-aşkar müdafiə edirlər. Sizcə onlar nə dərəcədə haqlıdırlar?

-Bəli, bu həqiqətən də belədir. Bu çətin  tarixi günlərdə Azərbaycan bir daha  öz dostlarını və ona qarşı qərəzli münasibətdə olanları yaxından tanımaqdadır. Əslində, bəzi məsələlər əvvəldən aydındır. Məsələn, Azərbaycan – Türkiyə münasibətləri. Bizi bir çox hadisələr bir-birimizə daha da yaxınlaşdırıb. 102 il bundan əvvəl sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalçılarından azad etmişdir.  Məhz bu gün o zaman öz müstəqilliyini  elan etmiş gənc bir dövlətin özünü təsdiq etməsində mühüm əhəmiyyət kəsb edir. Çox mürəkkəb və çətin bir şəraitdə olan Azərbaycanın köməyinə qardaş Türkiyə  çatdı. Və  1918-ci il sentyabrın 15-i bizim üçün dönüş günü oldu.  Maraqlıdır ki, 1915-ci ildə Çanqqala döyüşlərində minlərlə azərbaycanlı Türkiyəyə, oz doğma qardaşlarına yardımını   əsirgəməmişdi.  Bu faktlar onu göstərir ki,  Türkiyə və Azərbaycan həmişə bir-birinin  yanındadır. Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki  qardaş dövlətdir.   Məhz bu tarixi hadisələr Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü "bir millət, iki dövlət”  şüarının  əsl mahiyyətini açır.  Elə müasir dövrdə də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət də Türkiyə olmuşdur. Müstəqilliyimizin çətin anlarında, Ermənistan tərəfindən torpaqlarımızın işğal edildiyi zaman da   Türkiyə yanımızda olub, bizim haqq səsimizi  bütün səviyyələrdə ictimailəşdirmişdir.  Və bu gün də Türkiyə bizə mənəvi dəstəkdir. Pakistan, Əfqanıstan, Ukrayna, Gürcüstan, İtaliya, Litva və digər ölkələrin adını çəkə bilərəm ki, onlar Azərbaycanın yanındadırlar, onun ərazi bütövlüyünü təmin etdiyi bu əks- hücum əməliyyatlarını haqlı sayırlar. Eləcə də bir sıra beynəlxalq təşkilatlar da bizim haqlı olduğumuzu təsdiqləyən bəyanatlarla çıxış etdilər. 27 ildir ki, BMT-nin Qətnamələri kağız üzərində qalıb.  Bizim sülhsevər xalqımız ötən müddət ərzində aparılan danışıqlara inanır  və səbr göstərir ki, torpaqlarımız  sülh yolu ilə bizə geri qaytarılacaq. Lakin keçən bu müddət ərzində  biz  danışıqların mənasız olduğunu müşahidə edirdik. Ermənistanın baş nazirinin "Qarabağ  Ermənitandır” deməsi isə  danışıqların  demək olar ki, birtərəfli qaydada  dayanmasına səbəb oldu.  Xüsusilə də, həmsədr ölkələrdən bəzisinin acıq – aşkar işğalçının tərəfində durması, haqsız olduğu halda onu müdafiə etməsi əlbəttə ki,  məsələnin konstruktiv həll ediləcəyinə inamı daha da azaldır. Artıq elə bir vəziyyət yarandı ki, İşğalçı Ermənistan rəhbərliyi  Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başladı, bəyanatlar verdi. Bunlar hamısı nəyin nəticəsidir, həmin ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi, işğalçı ilə işğala məruz qalmış tərəfə eyni münasibətin göstərilməsinin nəticəsidir.

-ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Prezidenti Makron sərsəm bəyanat verib. Sizcə bu bəyanatın arxasında nə dayanır. Nədən Makron belə bəyanatla özünü beynəlxalq aləmdə biyabır edir?

-ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Prezidenti Makronun  bəyanatı  bir daha göstərdi ki, onların münasibəti vasitəçilik missiyasına uyğun gəlmir. Qərəzli və birtərəfli mövqe nümayiş etdirən Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılması məsələsi müzakirə edilməlidir. Vasitəçi ədalətli və neytral olmalıdır, lakin biz bunu görmürük. Azərbaycan öz torpaqlarını işğalçılardan azad etmək üçün  beynəlxalq hüquq və prinsiplərə əsaslanır. Fransa münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqların bitdiyini bilirdi. Cənab Prezident ABŞ, Rusiya, Fransa və bir sıra beynəlxalq təşkilatların nəzərinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan qaçır, imtina edir.  Nəticədə biz nəyi müşahidə etdik?  Biz gördük ki, bu vasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yetərli olmadı. Çünki, vasitəçilik mandatı tərəf saxlamaq, qərəzli münasibət bəsləmək deyil.  Onların mandatı həll yolunu tapmaq üçün şərait yaratmaqdır. Əlbəttə ki, Azərbaycanın Minsk qrupunun həmsədri olan hər üç ölkə ilə münasibətlərimiz bir çox sahələrdə çox uğurla inkişaf edir. Elə Fransa ilə də bizim iqtisadi-mədəni istiqamətlərdə əməkdaşlığımız var. Və mən düşünürəm ki, Fransa xalqı  Prezidenti Makron kimi fikirləşmirlər. Makron və Fransanın siyasi qurumları sekilərdə qalib gəlmək üçün orada çox güclü olan erməni lobbisinin dəstəyinə ehtiyacı var. Ona görə də bu dəstəkdən məhrum olmamaq üçün belə bir bəyanat səsləndirildi.  Ancaq nə Makron, nə də fransız siyasi elitası unutmamalıdır ki, II Dünya Müharibəsi zaman Fransanın azadlığı uğrunda Azərbaycan əsgəri döyüşlərdə iştirak etmiş, göstərdikləri qəhrəmanlığa görə Fransa dövlətinin orden və medallarına layiq görülmüşlər. Onlardan biri Fransa Müqavimət hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılovun bu yaxınlarda 100 illiyi keçirildi. 

-Düşmən siliv vətəndaşlarımızı atəşə tutur və 30 nəfərdən çox sivil vətəndaşımız düşmən gülləsi nəticəsində həyatını itirib. Onların arasında qadın və azyaşlı uşaqlar da var. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi olaraq siz günahsız həmvətənlərimizin ermənilər tərəfindən öldürülməsi ilə bağlı hansı addım atmısınız?

 - Düşmən şəhər və kəndlərimizi atəşə tutmaqla, münaqişənin gedişini dəyişmək, onu   daha  da genişləndirmək istəyir. Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və  Ağcəbədi, Horadiz, Mİngəçevir, Xizi, Abşeron  və digər şəhər və rayonlarda  mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir. Bu, həm də Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyini və təşvişdə olduqlarını göstərir. Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyə qədər 31  nəfər mülki şəxs həyatını itirib. 168 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onların  sırasında uşaq, qadın və yaşlılar var.  Bundan başqa, 143 mülki obyekt, 1091 yaşayış evi və 45 çoxmənzilli yaşayış binası yarasız hala düşüb.  Ermənistanın bu təhrikedici və məsuliyyətsiz hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental  azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.  Bunu nəzərə alaraq, Milli Məclisin rəhbəriliyinin dəstəyi ilə Ailə, Qadın və Uşaq Komitəsi adından bir sıra müvafiq beynəlxalq təşkilatlara, o cümlədən Azərbaycan-İsveçrə parlamentlərarası dostluq qrupunun rəhbərinə müraciət unvanlamışdır.

-Bu əməliyyatlar nəticəsində diqqət çəkən bir məqam ondan ibarət oldu ki, Azərbaycanda Dağlıq Qarabağ məsələsində hər kəs vahid mövqedən çıxış edir. Ölkəmizdə vətənpərvərlik hissi olduqca yüksək səviyyədədir. İndiki məqamda biz daha nə kimi addımlar atmalıyıq?

-Bu gün həqiqətən də vahid bir mövqe var. Xalq- dövlət-ordu birliyi var. Bu gün hər kəs yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı cənab Prezidentin ətrafinda sıx birləşib. Hətta ölkədən kənarda yaşayan həmvətənlərimiz,  həqiqətin, ədalətin tərəfdarı olan digər ölkələrin tanınmış mütəxəssisləri, politoloqları, tarixçiləri, adi vətəndaşlar da bizi dəstəkləyir. Xüsusilə, gənclərimiz sosial məkanda aktivdirlər, lakin biz bu fəallığı daha da artırmalıyıq. Bu gün hər kəs tam  qələbəyə nail olmaq üçün, torpaqlarımızı bu mənfur terrorçulardan azad etmək üçün öz töhfəsini verir. Baxın, cəbhə bölgəsindən çox uzaqda yerləşən şəhərlərimiz, rayonlarımız, kəndlərimiz atəşə tutulur, raket zərbələri nəticəsində dinc əhali həlak olur, yaralanır, evlər, mülki obyektlər dağılır. Lakin bu, insanlarımızı qorxutmur, mübarizə əhval-ruhiyyəsinə mənfi təsir göstərmir. Öz gündəlik  həyatlarına  davam edirlər, təsərrüfatla məşğul olur, işləyirlər, oxuyurlar- bunun özü də bir töhfədir, mübarizədir. Bu o deməkdir ki, düşmən bizi ruhdan sala bilməz,  insanların arasında panika yarada bilməz, psixoloji təsir göstərə bilməz. Əksinə düşmən narahat olmağa başlayır, "hardandır, bu güc?-deyə fikirləşir və sarsılır”. Cavab çox sadədir: Biz bu gücü, bu inamı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, bütövlükdə dövlətimizdən, ordumuzdan, qəhrəman əsgərlərimizdən, vətən sevgisindən, birliyimizdən! Əlbəttə ki, bununla bərabər diqqətli olmalıyıq, hər birimiz öz hərəkət və davranışlarımıza, fikirlərimizə həssas yanaşmalıyıq. Ancaq rəsmi məlumatlara inanmalıyıq. Məlumdur ki,  Ermənilər sosial şəbəkələrdə saxta profillərlə kəşfiyyat-təxribat fəaliyyəti aparırlar Ona görə də maksimum ehtiyatlı olmalıyıq, feyk xəbərləri ayırd etməliyik, inanmamalıyıq, paylaşmamalıyıq! Bu informasiya məkanında aparılan müharibədir, burada da mübarizə aparmalıyıq, imkan verməməliyik ki, əsgərlərimizin canı və qanı hesabına əldə olunan uğurlara kölgə düşsün!

-Təmsil etdiyiniz Sumqayıt şəhərində hazırkı ab-havanı necə dəyərləndirərdiniz?

-Bütün ölkədə olduğu kimi, Sumqayıt şəhərində də insanların əhval-ruhiyyəsi çox yüksəkdir, qələbəmizə inanırıq. Gənclərimiz könüllü olaraq  cəbhəyə getmək üçün müraciət edirlər. Bu günlər həm də bir-birimizə dəstək olmalıyıq, xüsusilə də mənəvi dəstəyə böyük ehtiyac var. Sumqayıt sakinləri bu dəstəyi yüksək səviyyədə göstərirlər. Ailə üzvləri cəhbədə olan ailələrin yaşayışı ilə maraqlarınr, onların ehtiyacları öyrənilir, köməkliklər göstərilir. Şəhid ailələri ilə tez-tez əlaqə saxlanılır. Övladı şəhid olan ana-atalar, həyat yoldaşı şəhid olan xanımlar, ataları şəhid olan balalar çox təmkinlə, səbrlə "Vətən sag olsun!” deyirlər. O xalq xoşbəxtdir ki, torpağı uğurunda  mübarizə aparmağı, həm qalib  gəlnəyi, həm də şəhid verməyi bacarır. Bilirsiniz ki, Sumqayıtda Qubadlı, Zəngilandan olan məcburi köçkünlər kompakt şəkildə yaşayırlar. Bu gün onlar da öz torpaqlarına, doğma kəndlərinə, yurdlarına qayıdacaqlarını böyük inamla gözləyirlər.

-Bir müddət öncə Azərbaycan analarına müraciət edən Paşinyanın həyat yoldaşı sonra Dağlıq Qarabağda əlinə silah alıb təlimlərdə iştirak etdi. Ümumiyyətlə düşmən tərəfindən belə bir çağırışları necə qiymətləndirirsiniz?

-Azərbaycan göstəriş xatirinə, kimlərəsə xoş gəlsin deyə yox, sözün əsl mənasında  həm öz xalqımız, həm də başqaları üçün sülh və əmin-amanlıq istəyirik. Lakin əfsuslar olsun ki, biz qarşı tərəfdən, yəni Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan tərəfindən davamlı olaraq bunun əksini görürük. Sözdə bir, əməldə isə başqa cür hərəkət edən siyasətçilər, onların ailəsi isə əlbəttə ki, sülh və təhlükəsizlik prosesinə maneə yaradırlar. Hətta öz xalqını aldatmaqdan belə çəkinmirlər. O zaman sual yaranır: Kimdir sülh tərəfdarı, oğlu, qızı, həyat yoldaşı, qardaşı, bacısı, valideynləri şəhid olmasına, işgəncələrə məruz qalmasına, öz doğma  evindən, el-obasından qovulmasına baxmayaraq, yüksək tribunalardan sülh və təhlükəsizlik çağırışları edən azərbaycan qadını, yoxsa bir tərəfdən silh çağırışı edib, digər tərəfdən "Kalaşnikov” avtomatını əlinə alıb hərbi təlim keçən erməni qadını? Özü də bu qadın sadə bir insan deyil, o Baş nazirin xanımı, "Qadınlar sülh naminə” təşkilatının rəhbəridir. Bu da erməni siyasətinin əsl mahiyyətidir. Avqustun 25-dən 31-dək  müxtəlif yaş qruplarından olan 15 erməni qadın hərbi təlimlərdə iştirak ediblər. Harada? Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərində. Kimə qarşı? Dinc əhaliyə, şərti düşmən olan azərbaycanlıya qarşı. Bəli, tarixdə bir çox nümunələr var ki, qadınlar da əlinə silah alıb, kişilərlə bərabər vuruşublar. Lakin onlar  öz torpaqlarının azadlığı uğrunda mübarizə aparıblar. Bir müddət əvvəl  Anna Akopyan Qarabağ döyüşlərində ölən erməni əsgərlərinin analarının bir qrupunu baş nazirin iqamətgahında toplayıb və onları Azərbaycan analarına müraciət etməyə çağırmışdı.  İndi isə özü hərbi təlim keçməklə bütün bu çağırışların  siyasi manevrdən başqa bir addım olmadığını göstərdi. O, bu çağırışla  övladlarını itirmiş erməni analarını sakitləşdirməyə, digər tərəfdən isə beynəlxalq ictimaiyyətə sülh tərəfdarı olduğunu nümayiş etdirməyə çalışırdı. Lakin həmişə olduğu kimi, bu dəfə də  tənqid hədəfinə tutuldu. Elə ilk olaraq erməni  ictimayyəti tərəfindən. Onların bir çoxu bu təlimləri tənqid edərək, diqqəti ölkədəki ağır vəziyyətdən yayındırmağa çalışdıqlarını bildirdilər. O, sülhə çağırışlarını unudaraq və təlim yerlərinin yaxınlığında mülki azərbaycanlıların yaşadıqları kəndlərin mövcudluğuna məhəl qoymayaraq, qadınları həmin silahlardan istifadə etməklə Dağlıq Qarabağı müdafiə etməyə dəvət edir. Təlim yerlərindən çəkilmiş şəkillər həm Paşinyanın inqilabi diktaturasının, həm də Ermənistanın hərbi təcavüzünün mahiyyətini sübut edir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?

-Erməni tərəfi din məsələsini ortaya atıb dünya ictimayyətini çaşdırmaq istəyir. Bu məsələyə sizin münasibətiniz maraqlı olardı...

-Ermənistan işğal etdiyi Dağlıq Qarabağda ermənilərin sayını süni şəkildə artırmaq üçün uzun illərdir iki yoldan istifadə edir: birincisi, Ermənistanın müxtəlif yerlərindən ailələri, xüsusilə işə və evə ehtiyacı olan gənc cütlükləri sosial dəstəklə bağlı müxtəlif vədlər qarşılığında işğal olunmuş ərazilərə köçürür; ikincisi, Yaxın Şərq ölkələrindən - Suriyadan, Livandan – erməniləri bu ərazilərə gətirir, hətta bunun üçün sonradan yerinə yetirilməyən müxtəlif vədlər də verirlər. Bu gün həmin ermənilər qaçırlarlar. Dağlıq Qarabağda vaxtilə yaşayan ermənilər yoxdur.  Azərbaycanda müxtəlif millətlər yaşayır. Hətta  Ermənistan Silhalı Qüvvələri Gəncəni raket zərbələri endirəndə xəsarət alan mülki şəxslərin arasnda erməni vətəndaşı da var idi. Bu nəyi göstərir? Azərbaycanda yaşayan hər bir xalqın, milli etnikin nümayəndəsi yaşayır və onlar bu ölkənin vətəndaşıdırlar. Və biz Qarabağı azad edəndən sonra da erməni əslli Azərbaycan vətəndaşlarının azərbaycanlılarla birgə  yaşaması istiqamətində də işlər aparılacaqdır. Bizi günahlandırırlar ki, Şuşadakı kilsəyə  raket zərbəsi endirilib. Bununla da, xristian- müsəlman münasibətlərini qabartmaqla öz çerkin niyyətlərinə nail olmaq istəyirlər. Lakin bu cəhd də baş tutmadı. Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır. Bütün dünya bilir ki, Ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur. Azərbaycan xalqının tolerant bir xalq olduğunu, həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar təsdiq etmişlər. Azərbaycanda çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, (Azərbaycan ərazisində yaşayan ermənilərin zaman-zaman azərbaycanlılara qarşı qaldırdıqları torpaq iddiaları ilə bağlı münaqişələri çıxmaq şərtilə) indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməmiş və dini qarşıdurma olmamışdır. Azərbaycanda  müxtəlif dini məbədlər, kilsələr, məscidlər var. Hətta  Bakı şəhərindəErməni kilsəsi necə var elə də qalıb. Ancaq bu fikirləri erməni haqqında demək mümkün deyil. İşğaldan azad edilmiş  ərazilərimizin  görüntülərinə baxırıq, darmadağın edilib, əgər ermənilər bu torpaqları öz torpaqları hesab edirdilərsə, niyə o əraziləri xarabalığa çeviriblər? Niyə vandalzm törədiblər? Deməli, onlar  da dərk edirlər ki,bu torpaqlarda müvəqqətidirlər. Onun əsl sahibi var- o da Azərbaycan xalqıdır!

-Son olaraq Rusiyanın təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri səviyyəsində 11 saatlıq görüş baş tutdu. Sizcə bu görüşdən sonra düşmən öz mənfur xislətindən geri çəkiləcəkmi?

-Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin müvəqqəti atəşkəslə bağlı bəyanat qəbul edilmişdir. Humanitar  məqsəd daşıyan bu bəyanatdan sonra  Ermənistan silahlı qüvvələri razılaşmanı kobudcasına pozur və  Azərbaycana hücumları davam etməkdədir. Azərbaycan ordusu da özünümüdafiə prinsipi əsasında düşmənə adekvat cavab verir.  Biz növbəti dəfə Ermənistanın və onun isterik rəhbəri Paşinyanın  riyakar siyasət həyata keçirdiyinin şahidi olduq. Düşmən  bir daha göstərdi ki, o münaqişənin həll edilməsində  maraqlı deyil. Ermənistanın  məqsədi sülh deyil. Azərbaycan bütün  hallarda beynəlxalq norma və prisiplərə öz sadiqliyini nümayiş etdirdiyi halda, Ermənistan isə tam əksinə prosesi ləngitmək də maraqlıdırlar. Lakin onlar bu istəklərinə nail ola bilməyəcəklər, cənab Ali Baş Komandan dediyi kimi, bu onların son şansıdir!

Ədil Ədilzadə