Milli Məclisin deputatı Əminə Ağazadə SABAHİNFO.AZ saytına müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırıq.
- Hörmətli Əminə xanım. Azərbaycanımız çətin sınaqdan üzüağ, Qələbə ilə çıxdı. Artıq işğal altında olan torpaqlarımız yoxdur. Cənab Prezidentin rəhbərliyi altında daddığımız Qələbə sevincini necə yaşayırsınız?
- Bir insanın qürurunun özünə qayıtmasından gözəl nə ola bilər? Bu, sözlə ifadə edilməsi mümkün olmayan hisslərdir. Hər bir azərbaycanlı bu şanlı tarixin sevincini yaşayır. Bizim qürurumuz dövlətimizin, torpağımızın tamlığıdır. Çox xoşbəxtəm ki, 30 illik fasilədən sonra işğal altında olan bütün torpaqlarımızda Ali Baş Komandanımızın qətiyyətli mübarizəsi ilə üçrəngli bayrağımız dalğalanır. Bu qələbəni bizə xalqımızın böyük oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin illərdən bəri bu günə hesablanmış müdrik və uzaqgörən siyasəti və rəşadətli Azərbaycan Ordusu, onun qəhrəman əsgər və zabitləri, bu gün müqəddəs ruhları qarşısında baş əydiyimiz, vətən torpağı üçün canlarını qurban vermiş şəhidlərimiz yaşatdılar.
- Müharibə çətin prosesdir. Burada ön və arxa cəbhə, eləcə də digər sahələrin vəhdədi vacibdir. Sizcə Qələbə qazanmağımızda hansı amillər əsas rol oynadı?
- Azərbaycan xalqınınbu qələbəsinin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Eyni zamanda, son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Ölkəmizin iqtisadi müstəqilliyi ordumuzu gücləndirmək üçün imkan yaratdı. Hazırda Azərbaycan ordusunun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir. Hesab edirəm ki, bütün bu sadalananlar ayrı-ayrılıqda Qələbəmizi şərtləndirən amillərə çevrildi.
- Erməni terrorçuları münaqişə zamanı dinc əhali, günahsız körpələr və bir yaşayış məskənlərini atəşə tuturdu. Bununla bağlı cinayət işi də başlanılıb. Maraqlıdır hazırkı məqamdan sonra biz hansı addımlar atmalıyıq ki, düşmən bizdən savayı beynəlxalq təşkilatlardan da öz layiqli cavabını alsın?
- Ermənistan beynəlxalq hüquq normalarını, hərbi qanunları, qəbul edilmiş diplomatik prinsipləri, humanitar dəyərləri bir kənara qoymaqla əslində özünü bütün dəyərlərdən, qanunlardan kənarda qoydu. Daha doğrusu, bütün dünyaya özünün əsil simasını göstərdi. Azərbaycan Dövləti və onun hüquq-mühafizə orqanları hərbi əməliyyatların ilk günlərindən düşmənin törətdiyi cinayətlərin operativ qaydada araşdırılmasını, müvafiq faktlarla təsbit edilərək hüquqi qiymət verilməsini təmin edə bilmişdir. Respublikanın Baş Prokurorluğu beynəlxalq hüquq normalarını, Cenevrə konvensiyasının maddələrini rəhbər tutaraq dünya dövlətlərinin prokurorluq orqanlarına müraciətlər ünvanlamış, Ermənistan rəhbərliyinin etdiyi cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət göstərdi. Mən əminəm ki, Azərbaycan dövləti, onun haqq işi bizə imkan verəcək ki, hazırda bu cinayət işləri özünün məntiqi nəticəsini tapa bilsin.
- "Azərbaycan dünyaya günəş kimi doğacaq” deyən ümumilli liderin sözləri artıq reallaşır. Siz bu günəşin yer üzündə qazandığı nəaliyyətləri necə dəyərləndirirsiniz?
- Əgər müstəqillik tariximizin Heydər Əliyev dövrü müasir dövlətimizin yaradılması, qorunması, iqtisadi, siyasi və sosial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövrü idisə, Prezident İlham Əliyevin rəhbərliyi dövrü həmin kursun daha da genişlənməsi, sürətlənməsi və innovasiyalı inkişaf mərhələsinə qədəm qoyması və bütün bunların məntiqi nəticəsi kimi Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Böyük Qələbənin yaşadığı bir tarix kimi yaddaşlarda qalacaqdır . Xalqımızın qürurverici uğurlara imza atması, Bakının beynəlxalq əməkdaşlıq paytaxtına çevrilməsi dövlət başçısı tərəfindən ölkə qarşısındakı strateji hədəflərin və prioritetlərin düzgün müəyyənləşdirilməsinin və dünya dövlətlərinin Azərbaycana günbəgün artan inamının ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamının sübutudur. Bu gün Azərbaycan təkcə regionun deyil, bütövlükdə dünyanın güc mərkəzlərinin hesablaşdığı bir faktor, beynəlxalq müstəvidə özünün qətiyyəti ilə seçilən praqmatik, etibarlı və güclü bir dövlətdir.