Ağa Ağayev: “Ana dilinin qorunması məsələsi xaricdəki hər bir soydaşımız üçün önəmlidir”
Layihə çərçivəsində Alman-Azərbaycan Mədəniyyət
Evinin rəhbəri Ağa Ağayevlə müsahibəni təqdim edirik. Xatırladaq ki, Ağa Ağayev
1978-ci ildə Füzuli rayonunda anadan olub. Ali təhsillidir. 20 ildən arıqdır
ki, Almaniyada yaşayır. Evlidir, 3 oğul övladı var və onlar Almaniyda doğulub
boya-başa çatsalar da hər biri Azərbaycan dilində sərbəst danışırlar.
-
Vətənə bağlılıqda ana dilinə sevgi nə dərəcədə önəmlidir?
-
Dünyanın harasından yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının bir vətəni
var-Azərbaycan. Möhtəşəm himnimiz də müqəddəs “Azərbaycan” kəlməsilə başlayır.
Vətənə bağlılıq, dövlətə və dövlətçiliyə əhəmiyyətli dərəcədə xidmət etmək hər
bir azərbaycanlının müqəddəs amalı və vəzifəsidir. Sevgilərin ən dəyərlisi
olaraq vətəni, ana dilini sevmək, onu daima düşünmək və eyni zamanda çiçəklənməsi
üçün çalışmaq bir nömrəli vəzifə kimi insanlarımız qarşısında durmalıdır. Çünki
Azərbaycan dili bizim milli kimliyimizdir. Vətənə bağlılıq məhz elə ana dilinə
sevgidən qaynaqlanır.
-
Ana dilimiz azərbaycançılıq ideologiyasında özünü necə büruzə verir?
- Faktdır
ki, dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə
bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən
sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Əlbəttə,
azərbaycançılığın milli mahiyyətini xalqımızın milli-etnik soykökünə qayıdışı, əsrlər
boyu əxz etdiyi milli-mənəvi dəyərlər, ana dilimiz və düşüncə sisteminə söykənərək
özünüməxsusluğunu qoruması təşkil edir. Azərbaycançılığın əsasında yer alan
ünsiyyət birliyi vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili
milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının
komponenti kimi çıxış edir. Ana dilinin varlığı, anadilli məktəblərin
formalaşdırılması, milli mədəniyyətimizin təşəkkülü azərbaycançılığın əsas hərəkətverici
qüvvəsi kimi özünü təqdim edib.
-
Xaricdəki azərbaycanlı uşaq və gənclərdə ana dilinə sevgi hissi oyatmaq üçün
valideynlərin üzərinə hansı məsuliyyət düşür?
-
Hazırda azərbaycanlılar dünyanın dörd bir yanında yaşayıb-yaradırlar. Onların
arasında həkimlər, müəllimlər, mühəndislər və başqa sənət sahibləri var. Eyni
zamanda yaşadıqları ölkələrdə körpələr dünyaya gətirmişlər, bu da təqdirəlayiqdir.
Ancaq bu uşaqları Azərbaycana bağlı ruhda böyütmək və onlarda ana dilinə sevgi hissi
oyatmaq lazımdır. Bunun üçün birinci növbədə valideynlərin üzərinə çox böyük məsuliyyət
və vəzifə düşür. Hər bir evdə Azərbaycanın dövlət bayrağı olmalıdır və dövlət
himnimiz əzbərlənməlidir. İnsan harada yaşmasından asılı olmayaraq milli kimliyini,
ana dilin, vətənini heç vaxt unutmamalıdır. Milli mənsubiyyəti olmayan, ana
dilini bilməyən, azərbaycançılıq ruhu olmayan insan vətənini sevə bilməz.
Azərbaycanın tarixini, ərazi bütövlüyünü, həmçinin
ana dilimizi həmişə təbliğ etmək ziyalılarımızın, ümumiyyətlə, hər
birimizin borcudur. Diasporumuz ana
dilində dərs ləvazimatları, kitablar və ədəbiyyatlardan istifadə etməklə
övladlarında Azərbaycan dilinə sevgi yaratmalıdır. Bu da birinci növbədə evlərdən
və valideynlərin təbliğindən başlayır. Dövlətimiz də bu yolda Diasporla İş üzrə
Dövlət Komitəsinin xətti ilə müəyyən işlər görür. Həmin ədəbiyyatların, dərs ləvazimatlarının
azərbaycanlıların yaşadıqları ölkələrə göndərilməsi və onlardan istifadə edilməsi
çox əhəmiyyətlidir. Bu işlərin yerlərdə həyata keçirilməsi maarifləndirməyin və
təbliğatın əsasıdır.
- Bəzi ölkələrdə azərbaycanlı uşaqların əksərəyyəti
ana dilimizdə danışmaqda çətinlik çəkirlər. Bu, milli diasporun inkişafı üçün nə
dərəcədə təhlükəlidir?
- Ana dilinin qorunması məsələsi xaricdəki hər bir
soydaşımız üçün önəmlidir. Xaricdəki azərbaycanlı gənc nəslin dil problemi, demək
olar ki, bütün ölkələrdə var. Biz Almaniyada uşaqlarımızın assimilyasiya
olmaması üçün mübarizə aparırıq. Bunun üçün də öncə onların dilimizi bilməsi
vacibdir. Artıq bu məsələnin həlli yolunda da mühüm addımlar atılıb. Düşünürəm
ki, xaricdə həftəsonu Azərbaycan məktəblərinin sayını artırmaq lazımdır.
Çünki burada tariximiz, mədəniyyətimiz, adət-ənənələrimizlə yanaşı, ana dilimiz
də uşaqlara öyrədilir. Xarici ölkələrdə yaşayan övladlarımız və gənclərimiz
birinci növbədə ana dilimizi mükəmməl bilməlidirlər. Bu mütləqdir. Ana dilini
bilməyən ana vətənin nə olduğunu dərk etməz. Dövlətə və dövlətçiliyin
qorunmasına xidmət hər bir azərbaycanlının borcudur.
Fürsətdən
istifadə edərək, “Ana dilini unutmuruq” layihəsini həyata keçirdiyinə görə
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinə və layihəyə
maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinə təşəkkürümüzü bildiririk.
Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının və
dövlət qurumlarının xaricdə ana dilimizin təbliğinə göstərdiyi diqqət bizim məsuliyyətimizi
daha da artırır və bu, bizə ana dilimizin təbliği istiqamətində əlavə
motivasiya verir.
Cavid Şahverdiyev
Müsahibə
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
dəstəyi ilə həyata keçirdiyi “Ana dilini unutmuruq” layihəsi çərçivəsində
hazırlanıb. Müsahibədə qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi
mövqeyini əks etdirməyə bilər.