17 yanvar 2025-ci il tarixində AİDS-lə Mübarizə İctimai Birliyinin sosial işçiləri Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü və Qlobal Fondun dəstəyi ilə təşkil olunan “2025-ci il üzrə profilaktik proqramların qiymətləndirilməsi və yeni yanaşmalar” mövzusunda yekun təlim proqramında iştirak ediblər.
Təlimin əsas məqsədi İİV/QİÇS-in profilaktikası istiqamətində həyata keçirilən proqramların nəticələrinin qiymətləndirilməsi, mövcud problemlərin müəyyənləşdirilməsi və profilaktik fəaliyyətə müasir yanaşmaların tətbiqi ilə bağlı iştirakçıların bilik və bacarıqlarının artırılması olub.
Təlim çərçivəsində iştirakçılara Azərbaycanda və dünyada İİV epidemiyasının mövcud vəziyyəti, İİV-in yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, profilaktik proqramların monitorinqi zamanı qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verilib.

Proqram zamanı “Azərbaycanda və dünyada İİV epidemiyası üzrə mövcud vəziyyət”, “Monitorinqlər zamanı qarşıya çıxan problemlər, tövsiyələr və onların icrası”, eləcə də “2025-ci il üzrə profilaktik proqramların detallı qiymətləndirilməsi və yeni yanaşmalar” mövzularında təqdimatlar keçirilib. Təqdimatlardan sonra iştirakçıların iştirakı ilə fikir mübadiləsi və müzakirələr aparılıb.
İnteraktiv formatda təşkil olunan təlim iştirakçılara profilaktik proqramların effektivliyinin artırılması, hədəf qruplarla işin təkmilləşdirilməsi və müasir yanaşmaların praktik fəaliyyətə inteqrasiyası ilə bağlı faydalı məlumatlar əldə etmək imkanı yaradıb.
Təlimin sonunda iştirakçılara proqramda fəal iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunub.
AİDS-lə Mübarizə İctimai Birliyi gələcəkdə də İİV-in profilaktikası, maarifləndirmə və sosial dəstək istiqamətində həyata keçirilən layihələrdə fəal iştirak etməyi, müasir və effektiv yanaşmaların tətbiqinə töhfə verməyi davam etdirəcək.