Azərbaycan xalqının çoxəsrlik
dövlətçilik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə əlamətdar tarix
kimi deyil, milli yaddaşın, qürurun və gələcəyə inamın rəmzi kimi yaşayır. 8
Noyabr – Zəfər Günü məhz belə müqəddəs tarixlərdəndir. Bu gün Azərbaycan
xalqının milli iradəsinin, sarsılmaz birliyinin, qəhrəman övladlarının misilsiz
şücaətinin və dövlətimizin gücünün təntənəsidir. Zəfər Günü uzun illər davam edən
işğala son qoyulmasının, tarixi ədalətin bərpasının və xalqımızın doğma
torpaqlarına qovuşmaq arzusunun gerçəkləşməsinin rəmzidir.
1988-ci ildən
etibarən başlayan Qarabağ hadisələri Azərbaycan xalqı üçün ağır sınaqlarla
müşayiət olundu. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, hərbi təcavüzü
və torpaqlarımızın işğalı nəticəsində yüz minlərlə soydaşımız doğma
yurdlarından didərgin salındı, yaşayış məntəqələrimiz dağıdıldı, tarixi və mədəni
irsimizə ciddi ziyan vuruldu. Bir milyondan çox azərbaycanlı uzun illər qaçqın
və məcburi köçkün həyatının ağır məhrumiyyətlərini yaşamağa məcbur oldu. Şəhər
və kəndlərimiz viran qoyuldu, milli-mədəni abidələrimiz dağıdıldı, xalqımızın
tarixi yaddaşına silinməz yaralar vuruldu.
Lakin bütün bu çətinliklər Azərbaycan xalqının azadlıq və ədalət
uğrunda mübarizə əzmini qıra bilmədi. İşğal altında olan
torpaqlarımızın azad edilməsi müstəqil Azərbaycan dövlətinin ən mühüm strateji
hədəfinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
ardıcıl və məqsədyönlü siyasət bu tarixi məqsədin reallaşdırılması üçün möhkəm
siyasi, iqtisadi və hərbi əsaslar yaratdı.
Dövlət başçısının qeyd etdiyi kimi: “Prezident kimi 2003-cü
ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir.
Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz
torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”. Bu
fikirlər Azərbaycanın Zəfərə gedən yolunun təsadüfi deyil, uzunmüddətli dövlət
strategiyasının nəticəsi olduğunu aydın şəkildə ifadə edir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası
istiqamətində atılan addımların mərkəzində güclü dövlət və müasir ordu
quruculuğu dayanırdı. Prezident İlham Əliyev tərəfindən ordu quruculuğu
dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edilmiş, bu sahəyə ayrılan
maliyyə vəsaitləri ildən-ilə artırılmışdır. Silahlı Qüvvələrin maddi-texniki
bazası möhkəmləndirilmiş, hərbi qulluqçuların döyüş hazırlığı yüksəldilmiş,
müasir silah və texnologiyaların alınmasına xüsusi diqqət yetirilmişdir. Azərbaycanın hərbi sənaye
kompleksinin yaradılması və inkişafı da milli təhlükəsizlik strategiyasının
mühüm tərkib hissəsinə çevrildi. Ölkəmizdə müxtəlif növ hərbi
texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və digər hərbi
təyinatlı məhsullar istehsal olunmağa başladı. Minlərlə deyil, mindən çox
çeşiddə hərbi təyinatlı məhsulun istehsal edilməsi Azərbaycanın müdafiə sənayesinin
inkişaf səviyyəsini nümayiş etdirir. Bütün bunlarla yanaşı, Azərbaycan müstəqil xarici siyasət yürüdərək
beynəlxalq mövqelərini gücləndirdi. Transmilli enerji və nəqliyyat
layihələrinin həyata keçirilməsi ölkəmizin regional və beynəlxalq əhəmiyyətini
artırdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər strateji
layihələr Azərbaycanın iqtisadi qüdrətini möhkəmləndirməklə yanaşı, beynəlxalq
tərəfdaşlarının sayının artmasına da şərait yaratdı. Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün
uzun illər beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi. BMT Təhlükəsizlik
Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarılmasını tələb edən dörd qətnaməsi qəbul edilsə də, onların icrası təmin
olunmadı. ATƏT-in Minsk qrupunun uzun illər davam edən fəaliyyəti də münaqişənin
həllinə gətirib çıxarmadı. Azərbaycan həm diplomatik müstəvidə öz haqlı
mövqeyini müdafiə etdi, həm də ərazi bütövlüyünü təmin etmək üçün güclü hərbi
potensial formalaşdırdı.
2020-ci
il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatlarına
cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi xalqımızın təxminən 30
il davam edən torpaq həsrətinə son qoyan tarixi prosesin başlanğıcı oldu. “Dəmir yumruq” əməliyyatı
Azərbaycanın hərbi qüdrətini, ordumuzun peşəkarlığını və xalqımızın sarsılmaz
iradəsini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibə ərzində Azərbaycan
Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq göstərərək şəhər və kəndlərimizi,
strateji yüksəklikləri bir-birinin ardınca işğaldan azad etdi. Cəbrayıl,
Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrinin azad olunması
ilə başlayan qələbə yürüşü noyabrın 8-də Şuşanın azad edilməsi ilə özünün ən
möhtəşəm mərhələsinə çatdı. Şuşa Zəfəri Azərbaycanın hərbi tarixində xüsusi yer
tutmaqla yanaşı, xalqımızın mənəvi gücünün və milli ruhunun təntənəsinə
çevrildi. 44 günlük müharibə ərzində Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286
kəndi azad etdi. Noyabrın 9-dək əldə edilən hərbi uğurlar Ermənistanı
kapitulyasiyaya məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya
və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar
dayandırıldı. Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın
nəzarətinə qaytarıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “44 gün ərzində Azərbaycan
Ordusu hər gün irəliyə gedirdi.” Bu qələbə yalnız hərbi əməliyyatların
nəticəsi deyildi. Bu, Azərbaycan dövlətinin uzun illər ərzində apardığı siyasətin,
ordumuzun yüksək döyüş qabiliyyətinin, xalqımızın birliyinin və milli iradəsinin
məntiqi nəticəsi idi.
Vətən müharibəsinin ən mühüm xüsusiyyətlərindən
biri Azərbaycan cəmiyyətində formalaşan misilsiz həmrəylik idi. Müharibə
dövründə siyasi baxışından, sosial vəziyyətindən, etnik və dini mənsubiyyətindən
asılı olmayaraq, ölkəmizin vətəndaşları vahid məqsəd ətrafında birləşdilər. Cəbhədə
Azərbaycan əsgəri torpaqlarımızın azadlığı uğrunda döyüşür, arxa cəbhədə isə
milyonlarla insan ordumuza mənəvi dəstək göstərirdi. Xaricdə yaşayan azərbaycanlılar
da informasiya müharibəsində fəal iştirak edir, ölkəmizin haqq səsini beynəlxalq
ictimaiyyətə çatdırırdılar. Prezident İlham Əliyevin müharibə dövründə dünyanın
aparıcı media qurumlarına verdiyi 30-dan çox müsahibə Azərbaycanın informasiya
mübarizəsində mövqelərinin güclənməsinə mühüm töhfə verdi. Dövlət başçısı beynəlxalq
ictimaiyyətə münaqişənin tarixi səbəblərini, Ermənistanın təxribatlarını və Azərbaycanın
haqlı mövqeyini ardıcıl şəkildə çatdırdı. “Dəmir yumruq” məhz bu milli
birliyin, dövlət-xalq-ordu həmrəyliyinin rəmzinə çevrildi. Müharibə
dövründə xalqımız nümayiş etdirdi ki, milli maraqlar və Vətən məsələsi
qarşısında bütün fərqlər ikinci dərəcəlidir.
2020-ci
ildə əldə edilmiş tarixi Qələbə Azərbaycanın qarşısında yeni mərhələnin
başlanğıcını qoydu. 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal
xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərində
bərpa edildi. Sentyabrın 20-də əməliyyatın dayandırılması barədə razılıq əldə
olundu, oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi
meydanında Azərbaycan Bayrağını ucaltdı.
Bununla da Azərbaycanın dövlət suverenliyinin tam təmin
edilməsi istiqamətində tarixi mərhələ başa çatdı. 2024-cü ildə
sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi bu tarixi hadisənin
dövlətçilik yaddaşımızda əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı.
8
Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində əbədi yaşayacaq. Bu tarix bizə
xatırladır ki, milli birlik, güclü dövlətçilik, qətiyyətli siyasət və qüdrətli
ordu bir araya gəldikdə ən mürəkkəb tarixi vəzifələr belə yerinə yetirilə bilər. Zəfərimiz mübarizəmizin,
şəhidlərimizin müqəddəs qanının, qazilərimizin qəhrəmanlığının və xalqımızın
sarsılmaz iradəsinin nəticəsidir. Bu gün hər bir azərbaycanlı
üçün qürur mənbəyi olan 8 Noyabr həm də gələcək nəsillərə ötürüləcək milli
yaddaş və dövlətçilik dərsidir.
K.Y.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat
bölmə müdiri Ağayev Nəbi Baba oğlu