AİDS-lə Mübarizə İctimai Birliyi Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı tədbirdə iştirak edib  

 AİDS-lə Mübarizə İctimai Birliyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Ölkə Əlaqələndirmə Komissiyasının və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə keçirilən konfransda iştirak edib.

Tədbirdə HİV/QİÇS-lə mübarizə sahəsində görülən işlər, ölkədə epidemioloji vəziyyət, müasir müalicə imkanları, profilaktika, eləcə də HİV-lə yaşayan şəxslərin qarşılaşdığı stiqma və diskriminasiya məsələləri müzakirə olunub.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxışında müasir tibb elminin HİV/QİÇS-in müalicəsi istiqamətində mühüm nailiyyətlər əldə etdiyini, hazırda HİV-lə yaşayan insanların effektiv müalicə ilə uzun və keyfiyyətli həyat sürə bildiyini bildirib. O, Azərbaycanda vəziyyətin qənaətbəxş olduğunu qeyd etməklə yanaşı, profilaktik tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Konfransda çıxış edən AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şərifov təşkilatın həyata keçirdiyi fəaliyyət və qarşıdakı dövr üçün nəzərdə tutulan proqramlar barədə məlumat verib.

Birlik HİV/QİÇS-in profilaktikası, əhali arasında maarifləndirmə, erkən test və diaqnostikanın təşviqi, risk qrupları ilə iş, HİV-lə yaşayan şəxslərin hüquqlarının müdafiəsi və stiqma ilə mübarizə istiqamətlərində fəaliyyətini davam etdirir.

Qarşıdakı dövrdə Birliyin fəaliyyətinin daha da genişləndirilməsi, xüsusilə regionlarda maarifləndirici tədbirlərin artırılması, gənclər arasında profilaktik məlumatlandırmanın gücləndirilməsi, HİV haqqında düzgün və elmi əsaslı məlumatların yayılması, risk qrupları ilə işin genişləndirilməsi, könüllülərin və fəalların fəaliyyətə cəlb edilməsi, testdən keçməyə təşviqin artırılması və HİV-lə yaşayan şəxslərə sosial dəstəyin gücləndirilməsi nəzərdə tutulur.

Birlik həmçinin dövlət qurumları, səhiyyə müəssisələri, beynəlxalq təşkilatlar və digər vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir.

AİDS-lə Mübarizə İctimai Birliyi bundan sonra da HİV/QİÇS-in yayılmasının qarşısının alınması, cəmiyyətin maarifləndirilməsi və HİV-lə yaşayan şəxslərə qarşı stiqma və diskriminasiyanın aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirəcək.