Respublikada aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, 2016-cı cari ilində Zaqatala rayonunda da iqtisadiyyatın dinamik inkişafına nail olunub. Rəsmi rəqəmlərdə yayılan bu məlumatı araşdırmaq üçün SABAHİNFO.AZ saytının əməkdaşları sözügedən rayonda olublar. Rayon sakinləri ilə söhbət aparıblar. Aparılan söhbətin ümumi mənzərəsi onu deməyə əsas verir ki, sakinlər görülən işlərdən razılıq edir. Bu barədə bir az sonra...

İndi isə raynda görülən işlərlə bağlı oxucularımıza məlumat verək. İlk öncə qeyd edək ki, rayonda həyata keçirilən işlər göz oxşayır. Həyata keçirilən abadlıq-quruculuq işlərindən sonra Zaqatalanın siması dəyişib. İstər sənayedə, istər iqtisadiyyatın ayrı-ayrı sahələrində, turizmdə yüksək artım tempi hiss olunmaqdadır.
Rayonun əsas magistral yollarının təmiri, rayon məhkəməsi üçün yeni inzibati binanın tikintisi, Məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan 135 mənzildən ibarət yeni yaşayış məhəlləsinin salınması, 12 çoxmənzilli yaşayış binasında təmir işlərinin aparılması görülən işlərə nümunədir.

Bununla yanaşı Zaqatalada kənd təsərrüfatı yüksək inkişaf dövrünü yaşayır. Bir müddət əvvəl yox olmaq təhlükəsi ilə üzləşən tütünçülük sahəsi artıq bu bölgənin brendinə çevrilib. Rayon icra hakimiyyətindən verilən məlumata görə, Prezident İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal və emal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası ilə bağlı Zaqatala rayonunda da zəruri işlər görülür. Tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə yerlərdə görüşlər keçirilib, bu sahələrin rentabelliliyi barədə fermerlərlə söhbətlər aparılıb, tövsiyələr verilib. 2016-cı ildə rayonda 600 hektar sahədə tütün əkilməsi, eyni zamanda, il ərzində 1,5 ton barama istehsal edilərək, gələcəkdə barama istehsalının daha da artırılması nəzərdə tutulub.

Onu da bildirək ki, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədi ilə Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən də zəruri tədbirlər həyata keçirilir. İcra hakimiyyəti və "RR” şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndinin ərazisində "Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək sosial ticarət mərkəzinin – sənaye məhəlləsinin tikintisi üçün torpaq sahəsinin ayrılması və layihələndirmə işlərinə başlanılıb. Layihəyə əsasən, burada regional ticarət mərkəzinin, kənd təsərrüfatı bazarının, çörək zavodunun, dəyirman, tikiş fabriki və mebel salonunun, quru meyvələrin istehsalı və qablaşdırılması obyektlərinin, mövsümi məhsulların saxlanması üçün anbar və soyuducu kameraların, beton məmulatları zavodunun, tikinti materiallarının regional satış bazasının, həmçinin çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulur. Bu obyektlərdə, ümumilikdə, 600-700 yeni iş yeri yaradılacaq.
Rayon sakini əhməd əliyev bizimlə söhbətində qeyd edir ki, rayonda vətəndaşların normal yaşaması üçün bütün lazımı işlər görülür: "Bugün işsizlik problemi ən ciddi problem kimi göstərilir. Manatın məzənnəsinin sürətlə aşağı düşməsi bir sıra şirkətləri çətin vəziyyətə salıb. Ancaq Zaqatalada demək olar ki, işsizliklə bağlı heç bir problem yoxdur. Mən özüm əkin sahəsində işləyirəm. Vaxtlı-vaxtında məhsulumu yığıb aparıb bazarda satıram. Dövlət tərəfindən mənə hər cür şərait yaradılıb. Eyni zamanda onu da deyim ki, bir müddət əvvəl bir neçə qonşum bəhə-bəhlə Bakıya iş dalınca getmişdilər. Bir-iki aydan sonra gəldilər ki, sən də gəl gedək. Mən onların dediklərinə qulaq asmadım. Çünki, rayonda bütün infrastruktur var. İşləmək üçün əla şərait var. Ötən günlərdə görürəm ki, dediyim o qonşularımın Bakıdakı işi müvəqqəti olaraq dayanıb və onlar rayona gəliblər. Yəni, onu demək istəyirəm ki, iş üçün heç ara getmək lazım deyil. Rayon rəhbərliyi sağolsun bu istiqamətdə bütün lazımı addımları atıb”.
Rayon sakinləri Zaqatala rayon icra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadədən razılıq edirlər. İcra Hakimiyyətinin başçısının rayon sakinlərini səmimi qəbul etməsi, onların problemləri ilə maraqlanması və problemlərin qısa vaxt ərzində həlli sakinlər tərəfindən yüksək dəyərləndirilir.
Yusif Məhəmmədoğlu Bakı-Zaqatala-Bakı