Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Tərtər rayonuna səfər etmişdir. Səfər çərçivəsində yerli sakinlərlə və rəsmilərlə görüşən səfir onları narahat edən məsələləri, həmçinin əməkdaşlığın mövcud və yeni sahələrini müzakirə edib, ABŞ-ın dəstək ola biləcəyi sahələrlə maraqlanmışdı. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səfirə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmışdır. Qeyd olunmuşdur ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
Diqqətə çatdırılıb ki,
aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində
rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə
yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta
ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ
fosforlu bombalar da atıblar. Nəticədə yüzlərlə evə, 4 məktəbə, 2 həkim
məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər
mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib. Atəşkəsin pozulması
nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir
daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi
köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya
xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib. Tək
26-28- aprel 2016-cı il tarixlərdə erməni hərbi birləşmələri tərəfindən rayonun
Əkispara kəndinin ərazisinə atılmış Beynəlxalq Konvensiyalarla qadağan olunmuş
ağ fosforlu top mərmisinin zərərsizləşdirilməsi nəticəsində 13 istehsalçıya
məxsus 3,01 hektar pambıq, 20,01 hektar buğda, 6,20 hektar arpa, 8,42 hektar
yonca, ümumilikdə 37,64 hektar sahəyə tüstünün yayılması nəticəsində zərər dəymişdir.
Rayon rəhbəri qeyd edib ki,
işğal altında olan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı
suvarma dövründə kəsilir ki, nəticədə 15000 hektar əkin sahələrinin
suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin
və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən
təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də
ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.
M.Məmmədov Respublika
Prezidenti cənab İlham Əliyevin öz xanımı ilə rayonumuza olan səfərindən,
şəhərdə, düşmənlə 200 metrlik məsafədə olan Qapanlı kəndində dağılmış evlərə
baxış keçirməsindən də danışmış, 1-5 aprel müharibəsi zamanı rayona dəymiş
ziyanın aradan qaldırılması üçün 3 milyon manat vəsait ayrıldığını
bildirmişdir.
Səmimi qəbul üçün
təşəkkürünü ifadə edən səfir bildirib ki, ABŞ 1992-ci ildən Azərbaycana 1,3
milyard dollar yardım göstərib. Bu məbləğin 113 milyon dolları qaçqın və
məcburi köçkünlərə yardım üçün ayrılıb. Buraya səhiyyə şəraitinin
yaxşılaşdırılması, minaların təmizlənməsi, internetə çıxış, vətəndaş
cəmiyyətinin inkişafı, femerlərə məhsuldarlığın və gəlirlərin artırılması üçün
texniki yardımın ayrılması daxildir.
Sonra səfir ABŞ Dövlət
Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)
həyata keçirdiyi "Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən
zərər çəkən insanlar üçün peşə təlim mərkəzinin yaradılması” layihəsi
çərçivəsində inşa olunmuş Regional Peşə Təlimi Mərkəzinə gəlib.
BAMF-ın sədri Umud
Rəhimoğlu qurumun müharibədən zərər çəkən və işğaldan azad olunan regionlarda
həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, Peşə Təlimi Mərkəzinin
yaradılmasında məqsəd müharibədən zərər çəkən sakinləri və onların ailə
üzvlərini, mina qurbanlarını, aztəminatlı ailələri, qaçqın və məcburi
köçkünləri peşə kurslarına cəlb etməklə, yeni iş yerləri ilə təmin etməkdir. Təlim
Mərkəzinə cəlb olunanlar tikiş, xalçaçılıq, tinglik, kompüter, kənd
təsərrüfatı, sahibkarlıq, çörəkbişirmə və sair peşələrinə yiyələnirlər.
Səfiri Robert Sekuta daha
sonra Peşə Təlimi Mərkəzində təlimlərə cəlb edilən uşaqlarla görüşüb, söhbət
edib, onların suallarını cavablandırıb.
ANAMA-nın icraçı direktoru
Qəzənfər Əhmədov səfirə təmsil etdiyi qurumun fəaliyyəti, cəbhəyanı ərazilərin
mina və partlamamış sursatlardan təmizlənməsi sahəsində görülən işlər barədə
məlumat verib.
Səfir Robert Sekuta
jurnalistlərə müsahibəsində bildirib ki, səfərin məqsədlərindən biri bölgədə
yaşayan insanların yaşayışı, onları narahat edən məsələlərlə, həmçinin ABŞ-ın
maliyyə dəstəyi ilə həyata keçirilən layihələrlə tanış olmaqdır. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar barədə sualları
cavablandırarkən deyib: "Minsk qrupunun həmsədri səfir Ceyms Uorliq
Prezidentlərin Sankt-Peterburq görüşündə iştirak edəcəkdir. Biz tərəflər
arasında irəliləyişin əldə olunmasını alqışlayırıq. Təmas xəttində baş verən
insidentlərin araşdırılma mexanizmlərinin yaradılmasını, tərəflərin bir araya
gəlməsini və hərtərəfli sülh razılaşmasının olmasını dəstəkləyirik. Razılaşmaya
isə münaqişə tərəfləri özləri nail olmalıdırlar. Biz vasitəçilərin rolu
münaqişə tərəflərini bir araya gətirməkdir”.