Ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub.
Bu barədə Sabahinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda qeyd olunub.
Məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-140, Kiçik Qafqazın çaylarında 190-230, Lənkəran-Astara bölgəsi çaylarında 50-100 , Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Şirvanda 10, Bankədə 9 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381 m (2016-cı il oktyabrın 13-də 400 sm), Şirvanda 263 sm, Salyanda 240 sm (2016-cı il oktyabrın 13-də 259 sm), Bankədə 208 sm (2016-cı il oktyabrın 13-də 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 106 sm (2016-cı il oktyabrın 13-də 115 sm) təşkil edir.