Yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, iş adamları, sahibkarlar, ziyalılar və ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev çıxış edərək bildirmişdir ki, ötən 26 il Azərbaycan tarixinin mürəkkəb, çətin, eyni zamanda, ən şərəfli dövrüdür. Heydər Əliyevin müdrik siyasəti ilə xalqımız keçid dövrünün ağır sınaqlarından şərəflə çıxmış, yeritdiyi uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan dünya dövlətləri tərəfindən demokratik bir ölkə kimi tanınmağa başlamış, qısa müddətdə dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr yaradılmışdır. Bu gün Azərbaycanda tarix və müasirlik yanaşı addımlayır.
Çıxış edənlər XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlar barədə danışmışlar.