Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı və Kamera Orkestri Şəkidə "İpək yolu” VII Beynəlxalq Musiqi Festivalında konsert proqramı ilə çıxış edib.
Konsertə başlamazdan əvvəl iyunun 28-də İstanbulun Atatürk Hava Limanında dəhşətli terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diqqətə çatdırılıb ki, qardaş ölkədə baş vermiş faciə ilə əlaqədar konsert bütünlüklə faciədə həlak olanların xatirəsinə həsr olunub. Konsertin proqramına yalnız lirik və vətənpərvərlik ruhunda mahnılar daxil edilib.
Azərbaycan Respublikasının xalq artisti, Gəncə Dövlət Filarmoniyasının direktoru Şahnaz Haşımovaya xatirə hədiyyə- Festivalın simvolu təqdim olunub.


