Koronavirusa qarşı "Sinovac” vaksininin sınaqları üzrə aralıq məlumatlarına əsasən, Çin preparatı 97 faiz effektivlik göstərib.
Trend Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə İndoneziyanın dövlətə məxsus "Bio Farma” əczaçılıq kompaniyası məlumat yayıb. "Bir ay boyunca klinik sınaqlar aparan qrupumuz "Sinovac” vaksininin 97 faizə qədər effektivlik göstərdiyini qeydə alıb”, - deyə kompaniyanın nümayəndəsi İvan Setiavan bildirib.
Kompaniya yerli tənzimləyicinin yanvarın sonunadək "Sinovac” vaksininin fövqəladə vəziyyətlərdə istifadəsinə icazə verəcəyini gözləyir.
Bir qədər əvvəl İndoneziya Prezidenti Coko Vidodo cari ilin sonlarına qədər ölkədə koronavirus əleyhinə kütləvi vaksinasiyanın başlaya biləcəyini deyib. Prezidentin sözlərinə görə, vaksinin təhlükəsizliyi bu məsələdə prioritet təşkil edir. İlk növbədə, tibb müəssisələrinin işçiləri, polis əməkdaşları və hərbçilər peyvənd olunacaq.
Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, İndoneziyada indiyədək koronavirusa 586 min 842 yoluxma halı qeydə alınıb, 18 min nəfər həyatını itirib.