BMT-nin
Uşaq Fondunun (UNICEF) fövqəladə hallar üzrə rəhbəri Robert Makkarti, fövqəladə
hallar üzrə mütəxəssisi Asim Rəhman, Fondun Azərbaycandakı nümayəndəliyinin
yeniyetmə və gənclərlə iş üzrə mütəxəssisi Aida Aylarova Beynəlxalq Avrasiya
Mətbuat Fondu (BAMF) ilə UNICEF-in birgə həyata keçirdiyi "Azərbaycan
Gənclərinə Dəstək Proqramı” çərçivəsində Tərtər rayonunda səfərdə olublar.
Tərtər
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim
Məmmədov rayon haqqında qonaqlara məlumat verib, cəbhə xəttində yerləşən
yaşayış məntəqələri və orada yaşayan yeniyetmə və gənclərin həyat şəraiti ilə
bağlı fikirlərini bölüşüb.
Sonra
BMT Uşaq Fondunun rəsmiləri və BAMF-ın təmsilçiləri rayon icra hakimiyyətində
"Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsində iştirak edən Tərtər, Bərdə,
Goranboy rayonlarının icra hakimiyyəti rəsmiləri, Gənclər və İdman idarələrinin
rəhbərləri və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyanın nümayəndələri ilə birlikdə "dəyirmi masa”da müzakirələr
aparıblar. Müzakirələr zamanı cəbhə xəttində yerləşən yaşayış məntəqələrində
yaşayan yeniyetmə və gənclərin təhsil almaları, asudə vaxtlarını keçirmələri
ilə bağlı fikirlər səsləndirilib. İcra hakimiyyətinin nümayəndələri ilə
qonaqlar yeniyetmə və gənclərin fövqəladə hallar zamanı keçirdikləri psixoloji
sarsıntı və bu problemlərin həlli yolları müzakirə olunub.
Sonda
UNICEF-in rəsmiləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər regional Peşə
Təlim Mərkəzində Tərtər, Bərdə, Goranboy yeniyetmə və gənclərinin məşvərət
şuraları ilə görüş keçiriblər. Görüşdə məşvərət şuralarının üzvləri yaşadıqları
rayonlar haqqında, cəbhə xəttinə yaxın yerləşən məntəqələrdə yaşayan yeniyetmə
və gənclərin təhsili ilə bağlı təqdimatlar edib və onları maraqlandıran
suallarla bağlı qarşılıqlı müzakirələr aparılıb.