Həssas sosial qrupların diqqətdə saxlanılması cəmiyyətin sosial məsuliyyət göstəricisidir 

 Cəmiyyətin sosial rifahının təmin olunması, xüsusilə həssas sosial qruplara aid insanların hüquq və imkanlarının qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətdə şəhid ailələri, müharibə iştirakçıları və veteranlar, qaçqın və məcburi köçkünlər, əlilliyi olan şəxslər və digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur.

Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın həyata keçirdiyi çoxsaylı sosial və humanitar təşəbbüslər də cəmiyyətimizdə xeyriyyəçilik, həmrəylik və sosial məsuliyyət ənənələrinin inkişafına mühüm töhfə verir.

Son illər ərzində həssas sosial qruplara aid insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil imkanlarının genişləndirilməsi, sosial xidmətlərə çıxışının artırılması və digər ehtiyaclarının qarşılanması istiqamətində mühüm işlər görülüb. Bu proses dövlətin sosial siyasətinin insan amilinə əsaslandığını və vətəndaşların rifahının prioritet təşkil etdiyini göstərir.

Lakin sosial problemlərin həlli yalnız maddi dəstəyin göstərilməsi ilə məhdudlaşmamalıdır. Burada maarifləndirmə mühüm və tamamlayıcı istiqamət kimi çıxış edir. İnsan öz hüquqlarını, dövlət tərəfindən yaradılmış imkanları, sosial xidmətlərdən istifadə mexanizmlərini və mövcud dəstək proqramlarını nə qədər yaxşı bilirsə, həmin imkanlardan bir o qədər səmərəli yararlana bilər.

Bu baxımdan vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm məsuliyyət düşür. Qeyri-hökumət təşkilatları, ictimai birliklər və digər sosial yönümlü qurumlar dövlətlə cəmiyyət arasında əlaqələndirici körpü rolunu oynaya, sosial məsələlərə dair maarifləndirmənin gücləndirilməsinə, ehtiyacların müəyyənləşdirilməsinə və problemlərin aidiyyəti qurumların diqqətinə çatdırılmasına öz töhfələrini verə bilərlər.

“Dayaq Sosial Maarifləndirmə” İctimai Birliyi olaraq fəaliyyətimizin əsas istiqamətlərindən biri də məhz bu missiyadan irəli gəlir. Biz hesab edirik ki, həssas sosial qruplara aid insanların yalnız maddi deyil, həm də sosial, hüquqi, mənəvi və informasiya baxımından dəstəklənməsi vacibdir.

İctimai Birliyimiz Bakı şəhərində və Bakıətrafı ərazilərdə, eləcə də Azərbaycanın müxtəlif bölgələrində sosial həssas qrupların ehtiyaclarının öyrənilməsi və onların qarşılaşdıqları problemlərin həllinə dəstək göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir. Şəhid ailələri, veteranlar, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələr və digər ehtiyaclı insanların problemlərinin diqqətdə saxlanılması bizim üçün həm sosial məsuliyyət, həm də mənəvi borcdur.

Bu istiqamətdə xeyriyyəçilərin, ictimai fəalların, sahibkarların, müxtəlif təşkilat və müəssisələrin, təhsil ocaqlarının, QHT-lərin və ayrı-ayrı vətəndaşların göstərdiyi dəstək də xüsusi əhəmiyyət daşıyır. Çünki sosial həmrəylik yalnız dövlətin və ya bir təşkilatın fəaliyyəti ilə formalaşmır. Bu, bütövlükdə cəmiyyətin birgə səylərinin nəticəsidir.

Azərbaycan xalqının tarixən formalaşmış xeyirxahlıq və həmrəylik ənənələri bu gün də öz aktuallığını qoruyur. Çətin vəziyyətdə olan insanın yanında olmaq, onun probleminə biganə qalmamaq, ehtiyacı olan ailəyə dəstək göstərmək və cəmiyyətin həssas təbəqələrinə diqqət ayırmaq milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissəsidir.

Bizim fəaliyyətimizdə xeyriyyəçiliklə maarifləndirmənin vəhdəti xüsusi yer tutur. Çünki bəzən bir ailəyə göstərilən maddi yardım onun cari problemini həll edə bilər, lakin həmin ailənin hüquqları, sosial imkanları və mövcud dövlət dəstəyi barədə məlumatlandırılması daha uzunmüddətli nəticə yarada bilər. Ona görə də sosial layihələrimizi hazırlayarkən insanların məlumatlılığının və öz hüquqlarından istifadə imkanlarının artırılmasına xüsusi diqqət yetiririk.

Hesab edirəm ki, gələcəkdə də dövlət qurumları, Heydər Əliyev Fondu, vətəndaş cəmiyyəti institutları, xeyriyyəçilər və sosial məsuliyyət daşıyan şəxslər arasında əməkdaşlığın daha da genişləndirilməsi mühüm nəticələr verə bilər. Belə əməkdaşlıq həssas sosial qrupların problemlərinin daha çevik müəyyənləşdirilməsinə və onların həlli üçün yeni mexanizmlərin formalaşdırılmasına imkan yaradar.

“Dayaq Sosial Maarifləndirmə” İctimai Birliyi bundan sonra da öz xeyriyyəçilik və sosial maarifləndirmə missiyasını davam etdirəcək. Məqsədimiz həssas sosial qruplara aid insanların cəmiyyət həyatında daha fəal iştirakına, hüquq və imkanları barədə məlumatlılığının artırılmasına, sosial xidmətlərə çıxışının asanlaşdırılmasına və onların problemlərinin ictimai diqqətdə saxlanılmasına töhfə verməkdir.

İnanıram ki, insana verilən ən böyük “dayaq” yalnız maddi yardım deyil, onun hüquqlarını bilməsi, öz imkanlarını dərk etməsi və cəmiyyət tərəfindən tək olmadığını hiss etməsidir. Bu prinsip bizim fəaliyyətimizin əsasını təşkil edir və bundan sonra da fəaliyyət istiqamətlərimizi müəyyənləşdirəcək.

Hicran Əliməmmədova “Dayaq Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri