COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin qlobal iqlim gündəliyində fəal rolunu bir daha nümayiş etdirdi. İqlim dəyişikliklərinin yaratdığı ekoloji və sosial çağırışların müzakirə olunduğu bu mühüm platforma cəmiyyətin ekoloji maarifləndirilməsi və sosial məsuliyyətin artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Bu barədə “Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyinin sədri Hicran Əliməmmədova mediaya açıqlamasında bildirib.
“COP29-un Bakıda keçirilməsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal iştirakının mühüm göstəricilərindən biri oldu. Bu mötəbər tədbir yalnız ekoloji problemlərin müzakirə olunduğu platforma deyil, həm də sosial məsuliyyət, insan hüquqları, gələcək nəsillərin rifahı və vətəndaş cəmiyyətinin proseslərdə iştirakı baxımından böyük əhəmiyyət daşıyır.
İqlim dəyişikliklərinin təsirləri artıq dünyanın müxtəlif regionlarında insanların gündəlik həyatında özünü göstərir. Su və ərzaq təhlükəsizliyi, sağlam ətraf mühit, sosial bərabərlik və həssas qrupların müdafiəsi bir-biri ilə sıx bağlı məsələlərdir. Bu baxımdan iqlim siyasətinin mərkəzində insan amili dayanmalıdır.
COP29 çərçivəsində iqlim maliyyəsi ilə bağlı əldə olunan razılaşmalar, xüsusilə inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin artırılması istiqamətində müəyyənləşdirilən hədəflər qlobal iqlim fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Lakin qəbul edilən qərarların real nəticəyə çevrilməsi üçün onların icrası, şəffaflıq və vətəndaş cəmiyyətinin proseslərdə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.”
Hicran Əliməmmədova qeyd edib ki, COP29-un Azərbaycana ən mühüm töhfələrindən biri ekoloji maarifləndirmənin və cəmiyyətin iqlim dəyişiklikləri ilə bağlı məlumatlılığının artırılması olmalıdır:
“Biz hesab edirik ki, ekoloji məsuliyyət yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın, ictimai təşkilatın, biznes subyektinin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. İnsanlara iqlim dəyişikliklərinin səbəbləri və nəticələri barədə düzgün məlumat vermək, xüsusilə gənclərin ekoloji təşəbbüslərə cəlb olunmasını təmin etmək uzunmüddətli və dayanıqlı nəticələr üçün vacibdir.
‘Dayaq’ Sosial Maarifləndirmə İB olaraq bundan sonra da sosial və ekoloji maarifləndirmə istiqamətində layihələr həyata keçirməyə, vətəndaş cəmiyyətinin imkanlarından istifadə etməklə daha sağlam, təhlükəsiz və dayanıqlı gələcəyin formalaşmasına töhfə verməyə hazırıq".