“SƏHHƏT” İctimai Fondu (SİF) tərəfindən vərəm xəstəliyinin profilaktikasına həsr olunmuş sanitar-maarifləndirici layihə həyata keçirilib. 04 iyul 2023-cı il tarixində Qəbələ şəhərində, Qəbələ 2 №-li Mədəniyyət evində təşkil olunub. Tədbirdə Qəbələ şəhəri, eləcə də Tikanlı, Nic, Laza və Tüntül kimi ətraf kənd və qəsəbələrin mədəniyyət müəssisələrinin rəhbər və işçiləri, kitabxanaçılar, klub müdirləri və metodistlər fəal iştirak ediblər. Layihənin əsas məqsədi əhali arasında vərəm xəstəliyi barədə məlumatlılığın artırılması, xəstəliyin qarşısının alınması və profilaktik tədbirlərin əhəmiyyəti barədə ictimaiyyətin maarifləndirilməsi olub. Təlim və görüşlər zamanı iştirakçılara vərəmin yaranma səbəbləri, yoluxma yolları, əsas əlamətləri və xəstəlikdən qorunma üsulları haqqında geniş məlumatlar təqdim edilib. Sanitar-maarifləndirici görüşdə vərəmin erkən aşkar edilməsinin və vaxtında tibbi müayinədən keçməyin vacibliyi xüsusi vurğulanıb. Həmçinin şəxsi gigiyena qaydalarına əməl olunması, yaşayış və iş yerlərinin havalandırılması, sağlam həyat tərzinin qorunması kimi profilaktik tədbirlər barədə ətraflı izahat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qəbələdə təşkil olunan bu tədbir əhali arasında vərəm xəstəliyinə dair düzgün məlumatların yayılmasına, maarifləndirmə işinin gücləndirilməsinə və yerli icmalarda sağlam həyat tərzinə diqqətin artırılmasına xidmət edib. “SƏHHƏT” İctimai Fondu regionlarda sanitar-maarifləndirici fəaliyyətlərin davamlı şəkildə həyata keçirilməsini və əhalinin sağlamlığının qorunmasına yönəlmiş ictimai təşəbbüslərin dəstəklənməsini özünün əsas prioritetlərindən biri kimi saxlayır.