Uşaq və yeniyetmələrin hüquqlarını bilməsi onların təhlükəsizliyi və cəmiyyətə fəal inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə yeniyetmə qızların hüquqi savadlılığının artırılması onların müxtəlif sosial risklərdən qorunmasına və ehtiyac yarandıqda düzgün istiqamətə müraciət etməsinə kömək edə bilər.
Qızların hüquqları barədə məlumat yalnız hüquq dərsləri çərçivəsində verilməməlidir. Onlara təhsil hüququ, təhlükəsiz mühitdə yaşamaq, zorakılıqdan müdafiə, şəxsi toxunulmazlıq, erkən nikahın hüquqi nəticələri və müraciət mexanizmləri sadə və yaşa uyğun formada izah olunmalıdır.
Fond olaraq hesab edirik ki, bu sahədə məktəblərlə və yerli icmalarla əməkdaşlığın genişləndirilməsi mühüm nəticələr verə bilər. Maarifləndirici görüşlərdə yalnız qızların deyil, valideynlərin də iştirakı təmin edilməli, ailələrə uşaqların hüquqlarının qorunmasında onların rolu izah olunmalıdır.
Digər mühüm məsələ qızların öz problemləri barədə danışa bilməsi üçün təhlükəsiz ünsiyyət mühitinin yaradılmasıdır. Yeniyetmə özünü narahat edən məsələ ilə bağlı kimə müraciət edə biləcəyini bilməlidir. Bunun üçün məktəblərdə, gənclər mərkəzlərində və ictimai təşkilatlarda düzgün yönləndirmə mexanizmlərinin mövcudluğu əhəmiyyətlidir.
Hüququnu bilməyən uşaq hüququnun pozulduğunu da vaxtında müəyyənləşdirməkdə çətinlik çəkə bilər. Buna görə hüquqi maarifləndirməni uşaqların və qızların inkişafına yönəlmiş fəaliyyətlərin ayrılmaz hissəsi kimi qəbul etməliyik.
Müzəffər Ələddinov
Fondun
prezidenti