Ramazan bayramında şəhid analarına uzanan xeyirxah əl 

Bu il Ramazan bayramı “Dayaq Sosial Maarifləndirmə” İctimai Birliyi üçün xüsusi və unudulmaz bir bayrama çevrildi. Çünki xeyriyyəçi Hicran xanım Əliməmmədova bayram sevincini ehtiyacı olan insanlarla bölüşmək, öz xeyriyyə təşəbbüsünü həyata keçirmək üçün böyük həvəslə çalışırdı.

Növbəti görüş isə bizim üçün ən həssas və kövrək ünvanlardan biri – şəhid anaları ilə idi.

Hicran xanım bu görüşə həm böyük həyəcan, həm də qürur hissi ilə yollanmışdı. Qarşısında Vətən uğrunda canından keçmiş qəhrəmanların anaları dayanacaqdı. O, onların dolmuş gözlərində heç olmasa bir anlıq sevinc, üzlərində kiçik də olsa təbəssüm yarada biləcəyini düşünürdü.

Bəzən bir sovqat yalnız ərzaq və ya maddi yardım deyil. Onun arxasında “Siz tək deyilsiniz, biz sizin yanınızdayıq” mesajı dayanır. Hicran xanımın məqsədi də məhz bu idi – şəhid analarına onların hər zaman xalqın diqqətində və qayğısında olduğunu hiss etdirmək.

Görüş zamanı yaşanan duyğular sözlə ifadə olunmayacaq qədər təsirli idi. Şəhid analarının baxışlarında həm övlad itkisinə görə sonsuz kədər, həm də övladlarının Vətən üçün göstərdiyi fədakarlıqdan doğan böyük qürur vardı.

Bu görüş Hicran xanım Əliməmmədova üçün də sadəcə bir xeyriyyə aksiyası deyildi. Bu, insanlıq, vəfa, ehtiram və Vətən qarşısında borc hissinin ifadəsi idi.

Ramazan bayramının mənəvi mahiyyətinə uyğun olaraq paylaşmaq, sevindirmək və ehtiyacı olan insanların yanında olmaq “Dayaq Sosial Maarifləndirmə” İctimai Birliyinin əsas dəyərlərindən biri olaraq özünü bir daha göstərdi.