“Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyi iyunun 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda trüfel istehsalının təşviqi” layihəsinin icrasına start verib. Bu haqda saytımıza “Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Lalə Həmidova məlumat verib.
Layihənin əsas
məqsədi yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olan trüfel
göbələyinin yetişdirilməsi texnologiyaları barədə regionlardakı potensial
sahibkarları, fermerləri və torpaq mülkiyyətçilərini məlumatlandırmaq, bu sahədə
yeni biznes imkanları yaratmaqdır.
Layihə çərçivəsində
Şəki, Quba, Qəbələ, Lənkəran rayonlarında aqrar sahəyə marağı olan
maraqlı tərəflər, mövcud fermerlər və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən
şəxslər üçün xüsusi təlim proqramının keçirilməsi planlaşdırılır. Hər
rayon üzrə təlimdə 40 nəfər yerli iştirakçının cəlb olunması və onlara trüfel
istehsalının aqrotexniki qaydaları, investisiya cəlbediciliyi və satış
bazarları barədə peşəkar məlumatların verilməsi nəzərdə tutulub.