Şamaxıda gənclərin yaşıl gələcəklə bağlı bilikləri artırılıb  

21 dekabrda “Green Genius Academy” layihəsi çərçivəsində Şamaxı rayonunda növbəti təlim keçirilib. Təlimdə gənclərlə yaşıl düşüncə, ekoloji məsuliyyət və dayanıqlı gələcəyin formalaşdırılması istiqamətində müzakirələr aparılıb.

 Təlim zamanı iştirakçılara ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması, təkrar istifadə və təkrar emal, həmçinin təbii resursların qorunması ilə bağlı məlumatlar təqdim olunub.

 Tədbirin əsas istiqamətlərindən biri də gənclərin ekoloji problemlərə innovativ yanaşmalar formalaşdırması olub. İştirakçılar yaşıl iqtisadiyyatın yaratdığı imkanlar və ekoloji təşəbbüslərin yerli səviyyədə həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

 Görüş zamanı gənclərin yalnız ekoloji maarifləndirmə tədbirlərinin iştirakçısı deyil, həm də yeni ekoloji təşəbbüslərin təşəbbüskarı kimi çıxış etməsinin əhəmiyyəti qeyd olunub.

 Şamaxıda keçirilən sonuncu təlim də layihənin əsas məqsədlərindən birinə — gənclərin ekoloji bilik və bacarıqlarının artırılmasına, yaşıl düşüncənin təşviqinə və dayanıqlı inkişaf ideyalarının genişləndirilməsinə xidmət edib.