Səbail rayonunun məktəblərində şagirdlərin rentgen müayinəsi təşkil olunub  

“Səhhət” İctimai Fondu tərəfindən məktəblilərin sağlamlığının qorunması və xəstəliklərin erkən aşkarlanmasına dəstək məqsədilə Səbail rayonunda yerləşən məktəblərdə tibbi müayinələr təşkil olunub.

Aparılan işlər çərçivəsində məktəblərdə rentgen müayinələrinin keçirilməsi üçün müvafiq tibbi avadanlıqların gətirilməsi təmin edilib. Bununla da məktəblilərin yerində tibbi müayinədən keçirilməsinə şərait yaradılıb.

Layihənin əsas məqsədi şagirdlərin sağlamlıq vəziyyətinin yoxlanılması, xüsusilə tənəffüs sistemi ilə bağlı problemlərin vaxtında müəyyənləşdirilməsinə imkan yaradılması və profilaktik tibbi müayinələrin əhəmiyyətinin artırılmasıdır.

“Səhhət” İctimai Fondu hesab edir ki, uşaqlar və yeniyetmələr arasında profilaktik tibbi müayinələrin keçirilməsi sağlam nəslin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə müayinələr mümkün sağlamlıq problemlərinin erkən mərhələdə müəyyənləşdirilməsinə və vaxtında müvafiq tibbi tədbirlərin görülməsinə imkan yaradır.

Fondun səhiyyə yönümlü fəaliyyətində əhalinin, xüsusilə də uşaqların sağlamlığının qorunması, tibbi maarifləndirmənin gücləndirilməsi və profilaktik tədbirlərin təşviqi xüsusi yer tutur.

“Səhhət” İctimai Fondu tərəfindən həyata keçirilən bu təşəbbüs də məktəblilərin sağlamlığının diqqətdə saxlanılmasına və profilaktik səhiyyə tədbirlərinin genişləndirilməsinə xidmət edir.