“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyi Ümumdünya Vərəmlə Mübarizə Günü münasibətilə bəyanat yayıb

24 Mart Ümumdünya Vərəmlə Mübarizə Günü münasibətilə “Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyi cəmiyyəti vərəm xəstəliyi barədə düzgün məlumatlanmağa, sağlamlığa məsuliyyətlə yanaşmağa və xəstəliyin əlamətləri zamanı vaxtında tibbi yardıma müraciət etməyə çağırır.

Vərəmlə mübarizədə diqqət yalnız xəstəliyin tibbi tərəfinə deyil, cəmiyyətin bu xəstəliyə münasibətinə də yönəldilməlidir. Müasir tibbin imkanları vərəmin vaxtında aşkarlanmasına və düzgün müalicə olunmasına geniş imkanlar yaradır. Bu baxımdan insanların məlumatlı və məsuliyyətli olması mübarizənin mühüm tərkib hissəsidir.

“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyinin sədri, vərəm xəstəlikləri üzrə həkim Taryel Həsənov bildirir ki, vərəmin müalicəsində həkim və xəstə arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Xəstənin müalicəyə inamla yanaşması, həkim tövsiyələrinə əməl etməsi və müalicə müddətində səbirli olması uğurlu nəticənin əsas şərtlərindəndir.

Cəmiyyətdə vərəm sözü bəzən qorxu və ümidsizliklə əlaqələndirilir. Lakin qorxu problemin həlli deyil. Əsas məsələ xəstəliyi tanımaq, düzgün məlumat əldə etmək, şübhəli əlamətlər zamanı vaxtında həkimə müraciət etmək və müalicə prosesinə məsuliyyətlə yanaşmaqdır.

Birlik hesab edir ki, sağlamlıq sahəsində əsas mübarizə xəstəliklə yanaşı, məlumatsızlığa qarşı da aparılmalıdır. İnsanlar bilməlidirlər ki, vərəm vaxtında aşkarlandıqda və müalicə düzgün aparıldıqda müalicə olunan xəstəlikdir. Erkən müraciət isə müalicənin daha effektiv aparılmasına mühüm imkan yaradır.

Cəmiyyətin maarifləndirilməsi vərəmlə mübarizədə xüsusi əhəmiyyət daşıyır. İnsanlar xəstəliyin əlamətləri, riskləri, qorunma yolları və müalicə imkanları barədə nə qədər çox məlumatlı olarsa, xəstəliyin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması da bir o qədər mümkün olar.

“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyi Ümumdünya Vərəmlə Mübarizə Günü münasibətilə hər kəsi sağlamlığına diqqətlə yanaşmağa, tibbi müayinələri vaxtında həyata keçirməyə, vərəm xəstəliyi ilə bağlı yanlış təsəvvürlərdən uzaq olmağa və xəstəliklə mübarizə aparan insanlara dəstək göstərməyə çağırır.

Vərəmlə mübarizənin gücü qorxuda deyil, bilikdə, erkən müraciətdə, düzgün müalicədə və həmrəylikdədir.