“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyinin sədri, vərəm xəstəlikləri üzrə həkim Taryel Həsənov bildirib ki, vərəm vaxtında aşkarlandıqda və müalicə tam şəkildə aparıldıqda sağalan xəstəlikdir. Onun sözlərinə görə, müasir diaqnostika və müalicə imkanları vərəmlə mübarizədə geniş imkanlar yaradır.
Taryel Həsənov qeyd edib ki, uzun müddət davam edən öskürək, halsızlıq, gecə tərləmələri, səbəbsiz çəki itkisi və temperatur dəyişiklikləri kimi əlamətlər diqqətdən kənarda qalmamalıdır. Bu simptomların müşahidə olunması zamanı vaxtında həkimə müraciət xəstəliyin erkən aşkarlanmasına və müalicənin daha effektiv aparılmasına imkan verir.
Həkim vurğulayıb ki, vərəmlə bağlı cəmiyyətdə mövcud olan qorxu və yanlış təsəvvürlər aradan qaldırılmalıdır. Xəstəliyə yoluxmuş şəxslərə mənfi münasibət göstərmək əvəzinə, onların vaxtında tibbi yardım almasına və müalicəni tam başa çatdırmasına dəstək verilməlidir.
Onun fikrincə, vərəmlə mübarizədə maarifləndirmə, erkən diaqnostika, profilaktik müayinələr və müalicə qaydalarına ciddi əməl olunması mühüm əhəmiyyət daşıyır. Taryel Həsənov əhalini sağlamlığa məsuliyyətlə yanaşmağa və şübhəli əlamətlər yarandıqda həkimə müraciət etməyə çağırıb.