“Vərəmdən qorunmaq üçün əsas addım maariflənməkdir”

İcmal

“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyinin sədri, vərəm xəstəlikləri üzrə həkim Taryel Həsənov bildirib ki, vərəmdən qorunmağın əsas yollarından biri cəmiyyətin xəstəlik barədə düzgün və dolğun məlumatlandırılmasıdır. Onun sözlərinə görə, insanlar vərəmin yaranma səbəbləri, risk faktorları, əlamətləri və profilaktikası barədə nə qədər məlumatlı olsalar, xəstəliyin erkən aşkarlanması və qarşısının alınması bir o qədər effektiv olar.

Taryel Həsənov qeyd edib ki, vərəm əsasən tənəffüs yolları vasitəsilə yayılan infeksion xəstəlikdir, lakin xəstəliklə təmasda olan hər bir insanın mütləq vərəmə tutulması demək deyil. İmmunitetin vəziyyəti, həyat şəraiti, qidalanma və digər amillər xəstəliyin inkişafına təsir göstərə bilər.

Həkim vurğulayıb ki, uzunmüddətli stress, düzgün qidalanmama, immun sisteminin zəifləməsi, zərərli vərdişlər və tibbi nəzarətin olmaması sağlamlıq üçün risk yaradan amillərdəndir. Bu baxımdan sağlam həyat tərzinin formalaşdırılması və profilaktik müayinələrin vaxtında aparılması mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, vərəmin keçmişdə qalmış xəstəlik olması ilə bağlı cəmiyyətdə yanlış təsəvvür mövcuddur. Halbuki xəstəlik bu gün də diqqət tələb edir və onunla mübarizədə erkən diaqnostika əsas şərtlərdən biridir. Davamlı öskürək, halsızlıq və digər şübhəli əlamətlər müşahidə edildikdə vaxtında həkimə müraciət etmək həm xəstənin sağlamlığının qorunmasına, həm də xəstəliyin yayılmasının qarşısının alınmasına kömək edir.

Taryel Həsənov diqqətə çatdırıb ki, vərəmlə bağlı əsas məqsəd cəmiyyətdə qorxu yaratmaq deyil, insanları düzgün məlumatlandırmaqdır. Onun fikrincə, maarifləndirmə, erkən diaqnostika və düzgün müalicə vərəmlə mübarizənin ən effektiv vasitələridir.