Vərəm xəstəliyi ilə mübarizədə tibbi tədbirlərlə yanaşı, ailələrin məlumatlı olması və sağlamlıq məsələlərinə məsuliyyətli yanaşması da xüsusi əhəmiyyət daşıyır. Sağlam davranış vərdişlərinin böyük hissəsi məhz ailə mühitində formalaşır. Buna görə də vərəmlə bağlı maarifləndirmə işlərinin ailələrdən başlaması vacibdir.
“Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyinin sədri, vərəm xəstəlikləri üzrə həkim Taryel Həsənov mediaya açıqlamasında bildirib ki, ailə üzvlərinin xəstəlik barədə düzgün məlumatlı olması həm profilaktika, həm də vaxtında tibbi müraciət baxımından mühüm rol oynayır.
Onun sözlərinə görə, valideynlər uşaqların və ailə üzvlərinin sağlamlıq vəziyyətində uzun müddət davam edən dəyişikliklərə laqeyd qalmamalıdırlar:
“Valideynlərin uşaqların sağlamlığına diqqətli yanaşması çox vacibdir. Uzunmüddətli sağlamlıq dəyişiklikləri müşahidə olunduqda özbaşına nəticə çıxarmaq və müalicə aparmaq əvəzinə həkimə müraciət edilməlidir. Vaxtında tibbi qiymətləndirmə bir çox hallarda problemin erkən müəyyənləşdirilməsinə imkan verir”.
Həkim qeyd edib ki, uşaqların sağlam inkişafının təmin olunmasında profilaktik tədbirlər, mütəmadi tibbi nəzarət və mütəxəssis tövsiyələrinə əməl olunması mühüm əhəmiyyət daşıyır.
Taryel Həsənovun fikrincə, maarifli ailə sağlamlıq risklərini daha düzgün qiymətləndirə və zəruri hallarda vaxtında tədbir görə bilir. İnsanlar vərəm haqqında düzgün və etibarlı məlumat əldə etdikdə həm öz sağlamlıqlarına, həm də ailə üzvlərinin təhlükəsizliyinə daha məsuliyyətlə yanaşırlar.
“Vərəm haqqında danışarkən məqsəd insanlarda qorxu yaratmaq deyil. Əsas məqsəd düzgün məlumat vermək, xəstəliyin əlamətlərinə diqqət yetirməyin və vaxtında tibbi yardım almağın əhəmiyyətini izah etməkdir. Xəstəliyə şübhə yarandıqda mütəxəssisə müraciət etmək, diaqnostika və müalicə prosesində həkim tövsiyələrinə əməl etmək vacibdir”, – deyə Taryel Həsənov vurğulayıb.
Birlik sədri bildirib ki, müalicəyə məsuliyyətli yanaşma da vərəmlə mübarizənin mühüm tərkib hissəsidir. Xəstələrin müalicə prosesini həkim nəzarəti altında davam etdirməsi və verilən tövsiyələrə əməl etməsi həm fərdi sağlamlıq, həm də cəmiyyətin sağlamlığı baxımından əhəmiyyətlidir.
“Sağlam ailə sağlam cəmiyyətin təməlidir. Maarifləndirmə yalnız tibb müəssisələrində deyil, hər bir ailədə davam etməlidir. Valideynlərin və ailə üzvlərinin düzgün məlumatlı olması, sağlamlığa diqqətli münasibət və vaxtında tibbi müraciət vərəmlə mübarizədə mühüm nəticələr əldə etməyə kömək edə bilər”, – deyə Taryel Həsənov əlavə edib.