Göyçayın dəyişən “siması” - Fotolar

Göyçay rayonu regionlar arasında özünəməxsusluğu ilə seçilən rayonlardandır. Rayonun özəlliyi isə ondan ibarətdir ki, burada aparılan tikinti-abadlıq işləri, quruculuq və yenidənqurma layihələri uğurlar davam etdirilir və bütün bu işlər bir başa Göyçay rayon vətəndaşlarının işsizlik, sosial problemlərinin həllində, eyni zamanda asudə vaxtlarının səmərəli keçirməsində mühüm rol oynayır. Əldə olunan bu uöurların arxasında isə təbii ki. yüksək əzimkarlıq, ciddi fəaliyyət dayanır.

Araşdırmağa maraq göstərdiyimiz bu rəqəmlərin arxasında Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin komandası və yerli sahibkarlar, iş adamları, eləcə də bu uğurları qazanmaq üçün hazırlanmış proqramlar dayanır. Birmənalı şəkildə ifadə etmək olar ki, son illərdə Göyçayda bütün sahələr, o cümlədən də aqrar sahə, ticarət və xidmət sahələri, tikinti-quraşdırma, büdcə maliyyə, bank, sosial müdafiə və məşğulluq sahələri də planlı şəkildə, həm də paralel olaraq inkişaf etdirilir.

Yuxarıda qeyd etdiyimiz məsələlər Göyçay rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda da geniş müzakirə olunmuşdur.

Tədbirdə çıxış edən Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev bildirmişdir ki, 2016-cı ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafında bir sıra uğurlar əldə edilmiş, iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 52,4 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10,9 milyon manat və ya 26,3 faiz çoxdur. Ötən müddət ərzində 9,8 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bunun da 84,1 faizi qeyri-dövlət bölməsinin payına düşür. Rayonun aqrar sahəsində daha ciddi uğurlar əldə edilmiş, 2016-cı ilin məhsulu üçün 13880 hektar sahədə taxıl əkilmişdir. Heyvandarlıq sahəsi daha da inkişaf etmiş, 01 aprel 2016-cı il tarixə rayonun fərdi təsərrüfatlarında iribuynuzlu mal-qaranın sayı 48469, xırdabuynuzlu heyvanların sayı 68467 baş olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən müvafiq olaraq 0,7 faiz və 1,8 faiz çoxdur. Keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,5 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 4,3 faiz artmışdır.

M.Ağayev vurğulamışdır ki, ölkə Prezidentinin torpaq sahiblərinə yaratdığı münbit şərait aqrar sahənin canlanmasına səbəb olmuş, hazırda rayonun bütün kənd yaşayış məntəqələrində faraş tərəvəz istehsalının artırılması üçün güclü iş aparılır ki, bu da kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan vermişdir. Aparılmış ilkin təhlillə müəyyən edilmişdir ki, hazırda rayonun kəndlərində 4 minə yaxın təsərrüfatda kənd əməkçiləri ümumi sahəsi 304 min kv.m. olan istixanalarda faraş tərəvəz məhsulu yetişdirirlər və yetişdirilmiş ilk məhsul artıq bazarlara çıxarılır. İstixanalarda görülən işləri maliyyələşdirmək üçün kənd əməkçiləri 7 milyon manatdan artıq vəsait sərf etmişlər. Hazırda istilikxanalarda 15 mindən artıq kənd sakini məhsul becərir.

Onun sözlərinə görə, bütövlükdə kənd təsərrüfatının ümumi məhsulunun həcmi ötən 3 ay ərzində 12,1 milyon manat təşkil etmişdir ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 10 faiz çoxdur. 2016-cı ilin birinci rübündə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6,4 milyon manat vəsait yönəldilmişdir. Rayon iqtisadiyyatına yönəldilmiş investisiyaların 94,5 faizi istehsal təyinatlı obyektlərin inşasında istifadə edilmişdir. Rayon əhalisinin həyat səviyyəsi də xeyli yüksəlmiş, ötən ilin müvafiq dövrünə nisbətən pərakəndə əmtəə dövriyyəsi 4,8 faiz, pulu xidmətlərin həcmi 2,5 faiz artmışdır. Hesabat dövründə rayon büdcəsinin mədaxil hissəsinə 105,7 faiz, o cümlədən yerli gəlirlər üzrə proqnoza 105,5 faiz, rayon büdcəsinin məxaric hissəsinə 93,7 faiz əməl edilmişdir.

Cari ildə şəhər və kənd əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Göyçay şəhərinin su təchizatı sisteminin yenidənqurulması layihəsi tam başa çatdırılmış və şəhərin bütün ərazisinə yeni su mənbəyindən içməli su verilməsi təmin edilmişdir. Hazırda rayonun Şəhadət kəndində çirkab sularını təmizləyən qurğu kompleksinin tikintsi işləri aparılır. Rayonun içməli su mənbəyi olmayan Qəbələ-Müskürlü, Mallı-şıxlı, Veysəlli, Şıxəmir, Kürdşaban və Qaraman kəndlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su təmizləyici qurğuların tikintisi aparılır. Daha 12 kənddə belə qurğuların tikilməsi üçün müvafiq torpaq sahələri ayrılmışdır.

Yusif Məhəmmədoğlu