Mayın 7-də birinci
Avropa Oyunlarının məşəli Sabirabad rayonundan sonra İmişliyə gətirilib.
Şəhərin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.
Sabahinfo.az-ın
məlumatına görə, şəhərin Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində
minlərlə rayon sakini və qonaqlar yürüş iştirakçılarını alqışlarla
qarşılayıblar.
Avropa
Oyunlarının rəmzi qapısında İmişli Şəkər Zavodunun əməkdaşı Məmməd
Abıyev məşəli qəbul etdi. Sonra 10 məşəlçi 4,1 kilometr məsafədə yürüşə
başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar Heydər Əliyev
prospekti və 20 Yanvar küçəsi boyunca hərəkət edərək Heydər Əliyev
parkına gəldilər.
Meydana
toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən
idmançıları sürəkli alqışlarla qarşıladılar. Burada quraşdırılan səhnədə
Avropa Oyunlarının məşəli alovlandırıldı.
Mərasimdə
aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin
alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Əlbəyaxa
döyüş idman növü üzrə Avropa çempionu Qadir Cəfərov Avropa Oyunlarının
çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər
Əliyev Mərkəzinə təhvil verdi.
Şəhər
sakini Rüstəm Vəliyev də sevincini bölüşərək birinci Avropa Oyunlarının
məşəlinin İmişlidə şölələnməsini rayonun idman həyatında əlamətdar
hadisə kimi qiymətlədirdi, ölkəmizdə bədən tərbiyəsi və idmanın
inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına
minnətdarlığını bildirdi.