İraq ordusu Beyci şəhərində neftayırma zavodu ətrafında İŞİD silahlılarının hücumlarına məruz qalıblar.
Pentaqon hücumların kifayət qədər irimiqyaslı olduğunu bildirib. İraq ordusunun hücumlara nə dərəcədə müqavimət göstərə biləcəyi hazırda sual altındadır. Lakin ordu qüvvələri İŞİD-çilərin ilkin həmləsinə cavab veriblər. Hazırda neftayırma zavodu ətrafında qızğın döyüşlərin getdiyi bildirilir. İraq əsgərləri iriçaplı silahlardan və tanklardan İŞİD-in mövqelərini atəşə tutublar.
Rəsmi Bağdad, eyni zamanda, Anbar vilayətində də hərbi əməliyyatlar keçirib. Rəhbərlik Tartar su bəndinin mühafizəsi üçün bəndin ətrafına əlavə qoşunlar cəlb edib.
Aprel ayında bəndin mühafizəsi uğrunda gedən döyüşlərdə 100-dən çox İraq əsgəri öldürülmüşdü.
İŞİD-ə qarşı mübarizədə koalisiya qüvvələri dəstək verməkdə davam edir. Amerika hərbi qüvvələri bir neçə gün öncə İŞİD silahlılarına qarşı keçirilən əməliyyatların kadrlarını yayımlayıb. Pentaqon, əsasən, Sincar vilayətində İŞİD mövqelərinin bombalandığını bildirib.