Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin, tarixi yaddaşının rəmzi olduğunu nümayiş etdirdi.
Şuşanın tarixi əhəmiyyəti onun coğrafi mövqeyi və mədəni irsi ilə məhdudlaşmır. Bu şəhər Azərbaycan xalqının milli ruhunun, Qarabağ tarixinin və dövlətçilik düşüncəsinin mühüm dayaqlarından biridir. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin taleyini müəyyənləşdirən həlledici hadisələrdən biri oldu. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Şuşa 28 il işğal altında qalsa da, milli ruhunu itirməmişdi.
Şuşanın azadlığı həm hərbi, həm də siyasi-psixoloji baxımdan tarixi dönüş yaratdı. 2020-ci il noyabrın 8-də bu şəhərin azad edilməsi Azərbaycanın Qələbəsinin əsas rəmzinə çevrildi. Prezidentin Zəfər Günündə məhz Xankəndidən xalqa müraciət etməsi, R.T. Ərdoğanla görüşünü isə Şuşada keçirməsi azad edilmiş torpaqlarda yeni siyasi reallığın nümayişi idi.
Bu tarixi hadisələrin mənasını anlamaq üçün müstəqilliyimizin ilk illərinə də nəzər salmaq lazımdır. 1992–1993-cü illərdə AXC-Müsavat hakimiyyəti dövründə ölkədə hökm sürən siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə və dövlət idarəçiliyindəki ciddi problemlər milli təhlükəsizlik və ərazi bütövlüyü məsələlərini arxa plana keçirmişdi. Həmin dövrün siyasi mənzərəsi göstərirdi ki, hakimiyyət daxilində şəxsi siyasi maraqlar və vəzifə uğrunda mübarizə ümummilli məqsədlərlə ziddiyyət təşkil edirdi. Torpaqların müdafiəsi və güclü dövlət quruculuğu əvəzinə siyasi böhran dərinləşir, cəbhədəki vəziyyət ağırlaşırdı.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyin qorunması, siyasi sabitliyin yaradılması və nizami ordu quruculuğu istiqamətində əsaslı dönüş baş verdi. Prezident İlham Əliyev isə bu siyasi kursu davam etdirərək Azərbaycanın iqtisadi və hərbi potensialını gücləndirdi, nəticədə ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, Şuşanın azadlığı həm də müstəqil dövlət quruculuğunun, ardıcıl strategiyanın və milli iradənin nəticəsi oldu.
Şuşanın əhəmiyyəti 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə daha artdı. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin hüquqi əsasını möhkəmləndirən bu sənədin məhz Şuşada imzalanması təsadüfi deyildi. R.T. Ərdoğanın Zəfərin altıncı ildönümündə yenidən Şuşaya gəlməsi isə həmin strateji müttəfiqliyin davamlılığını nümayiş etdirdi. Prezident İlham Əliyevin səsləndirdiyi “Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır” fikri səfərin əsas siyasi mesajlarından biri oldu.
Şuşa Şəhəri Günü ilə Zəfər Gününün noyabrın 8-də qeyd edilməsi də xüsusi tarixi məna daşıyır. Burada söhbət şəhərin tarixini, mədəniyyətini və milli yaddaşını, həmçinin azadlığını və Azərbaycanın tarixi Qələbəsini təcəssüm etdirir.
Bu gün Şuşada aparılan bərpa işləri, tarixi abidələrin yenidən həyata qaytarılması, mədəni tədbirlərin keçirilməsi və şəhərin əvvəlki şöhrətinin bərpası Zəfərin quruculuq mərhələsini ifadə edir. Təsadüfi deyil ki,
Şuşada 377 ailə olmaqla, 1.411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla, 78 nəfər, Kiçik Qaladərəsi kəndində 26 ailə olmaqla, 90 nəfər – cəmi 420 ailə, 1579 nəfər məskunlaşıb.
Şuşa bu gün də Qarabağın tacı, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır.